İngilislərin 1918-ci ildə türk yurdu olan Kərkükü işğal etməsi bölgənin tarixi, demoqrafik quruluşu və sosial-siyasi gələcəyi baxımından çox böyük dəyişikliklərin yaşandığı dönüş nöqtəsi oldu. Bu, İraq türkmənləri üçün, həqiqətən də, “sonun başlanğıcı” idi. Eyni zamanda Kərkükün işğalı onilliklər boyu davam edəcək böyük faciələrin və qeyri-sabitliyin başlanğıcına çevrildi.

İngiltərənin bölgəyə bu qədər sürətlə müdaxilə etməsinin əsas səbəbi Kərkük və Mosul hövzəsindəki böyük neft yataqları idi. İngiltərənin işğal idarəsi bölgənin neft ehtiyatlarına nəzarəti əlində saxlamaq məqsədilə “parçala və hökm sür” siyasəti həyata keçirdi. Türk hakimiyyəti dövründə bölgənin əsas və inzibati dayağı olan İraq türkmənləri İngiltərə mandatını və yeni yaradılan quruluşu qəbul etmədikləri üçün sistemli şəkildə idarəçilikdən uzaqlaşdırıldılar. Ardınca İraq türkmənləri təzyiq, zülm, assimilyasiya və qətliamlarla üzləşdilər, ata-baba torpaqlarından köç etməyə məcbur edildilər.

Bu işğal yalnız ərazi itkisi deyildi. O, bölgənin demoqrafik quruluşunun dəyişdirilməsinə, neft ehtiyatlarının müstəmləkəçi qüvvələrin nəzarətinə keçməsinə və Yaxın Şərqdə bu günə qədər davam edən qeyri-sabitliyin əsasını təşkil edən sərhədlərin çəkilməsinə gətirib çıxaran ilk addım oldu. İngilislərin 1918-ci ildə türk yurdu Kərkükü işğal etməsi ilə şəhər üçün dağıntı, qan, ölüm, göz yaşı və xaos dövrünün qapıları açıldı.

Türkmənlər zəngin neft yataqlarının kölgəsində tarixin ən ağır bədəllərini ödədilər. Kərkükdə 1927-ci ildə neftin aşkarlanması bölgə əhalisi üçün zənginlik və rifah mənbəyinə çevrilmək əvəzinə, təzyiq, zülm, assimilyasiya, sürgün, qətliam və demoqrafik quruluşun dəyişdirilməsi siyasətlərinin başlanmasına səbəb olan bir “neft lənəti”nə çevrildi. Kərkükdə neft zənginliyi olmasaydı, şəhər bu qədər əhəmiyyət qazanardımı və insanlar bu faciələri yaşayardımı?

“Kərkükdə nə qədər neft var?”

Kərkük sahib olduğu zəngin neft ehtiyatları ilə Yaxın Şərqin ən mühüm enerji mərkəzlərindən biri hesab olunur. Dünyanın beşinci ən böyük neft ölkəsi olan İraqda 143 milyard barrel təsdiqlənmiş neft ehtiyatının olduğu bildirilir. ABŞ-da yerləşən Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatlarına əsasən, Kərkükün 10 milyard barrel neft ehtiyatına malik olduğu və İraq neftinin 18 faizinin Kərkük neft yataqlarından hasil edildiyi qeyd olunur.

Lakin Kərkükdə insanların üzü gülmədiyi kimi, neft sərvəti də demək olar ki, bir fəlakətə çevrilib. Neft və təbii qaz hasilatında aparıcı mövqeyə malik olan şəhər inkişaf səviyyəsinə görə deyil, geridə qalmasına görə birinci sıradadır. Bunun bir çox səbəbi var. Birincisi, bu, məqsədyönlü siyasətin nəticəsidir. Kərkükdə problemlərin həll edilməməsi hesablanıb və bu məqsədə böyük ölçüdə nail olunub.

“86 ildən sonra Kərkükdə türkmən vali”

Kərkük Vilayət Məclisinin 16 aprel 2026-cı il tarixli iclasında İraq Türkmən Cəbhəsinin (ITC) sədri Mehmet Səman Ağanın Kərkük valisi seçilməsi türkmənlərin siyasi təmsilçiliyi baxımından tarixi dönüş nöqtəsidir.

Kərkükdə 86 ildən sonra türkmən kimliyi ilə tanınan Mehmet Səman Ağanın vali seçilməsindən sonra keçirdiyi ilk mətbuat konfransında bu hadisəni “tarixi dönüş nöqtəsi” adlandıraraq deyib:

“Bu gün Kərkükdə bu tarixi prosesi başa çatdırdıq, təxminən 100 illik həsrətə son qoyduq. Artıq Kərkükün valisi türkməndir. Türkmən, ərəb, kürd və xristian – bütün Kərkük sakinlərinin xidmətçisi olacağam.”

Ağanın vəzifəyə gəlməsi 86 ildən sonra Kərkükdə bir türkmənin vali vəzifəsinə yüksəlməsi baxımından mühüm əhəmiyyət daşıyır. O, həmçinin 2003-cü ildən sonrakı dövrdə bu vəzifəni tutan ilk türkmən kimi tarixə düşüb.

Kərkük valisi seçilən Mehmet Səman Ağa ona dəstək, imkan və şərait yaradılacağı təqdirdə Kərkükün bəxtini dəyişdirə biləcək səriştəyə, bacarığa və dünyagörüşünə malikdir.

İraq Türkmən Jurnalistlər Birliyinin xarici əlaqələr üzrə məsulu, doktor Kürşat Çavuşoğlu