Uber sürücüləri ödənişləri müəyyənləşdirən və sifarişləri paylayan “ruhsuz” alqoritm səbəbindən daim qorxu içində yaşadıqlarını bildirərək şirkətə qarşı tarixi məhkəmə iddiası qaldırıblar.

QHT.az xarici mediaya istinadən bildirir ki, Böyük Britaniya, Niderland və digər ölkələrdən olan sürücülərin qoşulduğu iddiada, süni intellektlə işləyən ödəniş sisteminin məlumatların qorunması qanunlarını pozduğu və gəlirlərini azaltdığı iddia edilir.

İddia Uber-in Avropa qərargahının yerləşdiyi Amsterdam məhkəməsinə təqdim olunub. Avropa Həmkarlar İttifaqları Konfederasiyasının məlumatına görə, bu, öz növündə ilk kollektiv hüquqi təşəbbüsdür.

Sürücülərin sözlərinə görə, “qara qutu” prinsipi ilə işləyən alqoritm hər səfər üçün fərdi qiymət müəyyənləşdirir və onların qəbul etməyə razı olacağı ən aşağı məbləği hesablayır. Onlar bildirirlər ki, eyni sifariş müxtəlif sürücülərə fərqli qiymətlə təklif olunur və sistem onların davranışını öyrənərək ödənişləri aşağı salır.

Rotterdamda çalışan sürücü Mohammed Şirva deyib: “Sanki biri sizi daim izləyir və zəif tərəflərinizi bilir. Alqoritm işə ehtiyacınız olduğunu anlayır və qiymətləri aşağı salır.”

Londonda çalışan Kola Oba isə eyni sifarişin başqa sürücüyə 27 funt, ona isə 23 funt təklif edildiyini bildirib. O hesab edir ki, bunun səbəbi alqoritmin onun daha aşağı məbləği qəbul edəcəyini düşünməsidir.

Uber isə bu iddiaları rədd edərək bildirib ki, ödənişlər sürücünün davranışına görə deyil, marşrut, məsafə, səfərin müddəti və real vaxt tələbi kimi amillərə əsasən hesablanır. Şirkətin sözçüsü əlavə edib ki, sürücülər sifarişi qəbul etməzdən əvvəl qazancı və marşrutu görürlər.

İddianı aparan niderlandlı vəkil Anton Ekker isə bildirib ki, insanların dolanışığına təsir edən qərarlar müstəqil şəkildə kompüter alqoritmləri tərəfindən verilməməli, onlayn platformalar isə vətəndaşların zəif tərəflərindən sui-istifadəyə görə məsuliyyət daşımalıdır.

Zəhra mansırova