ABŞ administrasiyasının 1 milyondan çox miqrantın Müvəqqəti Qorunan Statusunu (TPS) ləğv etməsi onların deportasiya olunması ehtimalını artırıb. Bu qərarın miqrantlarla yanaşı, onların mənşə ölkələrindəki humanitar vəziyyətə də təsir göstərəcəyi bildirilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, TPS müharibə, təbii fəlakət və digər böhranlar səbəbindən ölkələrinə qayıda bilməyən miqrantlara ABŞ-da müvəqqəti qalmaq imkanı verən humanitar mexanizmdir. Ötən il ABŞ-da təxminən 1,3 milyon insan bu statusdan istifadə edib.

Tramp administrasiyası Haiti, Somali, Cənubi Sudan və digər ölkələrdən olan 1 milyondan çox miqrantın TPS statusunu ləğv edib və ya bununla bağlı addımlar atıb.

Mütəxəssislərin fikrincə, miqrantların deportasiyası onların ölkələrinə göndərdiyi pul köçürmələrinin azalmasına səbəb ola bilər. Bu vəsaitlər həmin ölkələrdə bir çox ailənin ərzaq, yaşayış, təhsil və tibbi xərclərini qarşılamasında mühüm rol oynayır.

Eyni zamanda, deportasiya olunan insanların sayının artması Haiti, Somali və Cənubi Sudan kimi onsuz da humanitar və iqtisadi problemlərlə üzləşən ölkələrdə səhiyyə, sosial xidmətlər və ərzaq təminatına əlavə yük yarada bilər. Yardım təşkilatları isə həm artan ehtiyaclarla, həm də məhdud resurslarla üzləşə bilər.