“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 

QHT.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Azərbaycan Respublikasının adından və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) adından aldığı qrantların reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılır.

Eyni zamanda, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 649-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb. 

Fərmanla müəyyən edilir ki, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-2-ci hissəsində (hər üç halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Həmin maddənin 2-2-ci hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus hüquqi şəxslər, (ikinci və üçüncü hallarda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

 

* * * *

 

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 649-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 13 iyun tarixli 720 nömrəli və “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2006-cı il 17 aprel tarixli 388 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 649-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-2-ci hissəsində (hər üç halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 3-cü maddəsinin 2-2-ci hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus hüquqi şəxslər nəzərdə tutulur;

1.3. həmin Qanunun 3-cü maddəsinin 2-2-ci hissəsində (ikinci və üçüncü hallarda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-2-ci hissəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 649-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 381; 2003, № 9, maddə 478; 2014, № 7, maddə 823; 2015, № 10, maddə 1125; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 368; 2020, № 8, maddə 1031) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə “və 3-cü maddəsinin 2-1-ci hissəsində” sözləri “, 3-cü maddəsinin 2-1-ci və 2-2-ci (hər üç halda) hissələrində” sözləri ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda 2.2-1-ci və 2.4-1-ci bəndlər əlavə edilsin:

“2.2-1. həmin Qanunun 3-cü maddəsinin 2-2-ci hissəsində (ikinci və üçüncü hallarda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

“2.4-1. həmin Qanunun 3-cü maddəsinin 2-2-ci hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus hüquqi şəxslər nəzərdə tutulur;”.

4. “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 388 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 320; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2019, № 7, maddə 1222; 2020, № 1, maddə 5) aşağıdakı dəyişikliklər edilsin:

4.1. preambulada “müəssisələri” sözü “hüquqi şəxsləri” sözləri ilə əvəz edilsin;

4.2. həmin Fərmanla təsdiq edilmiş “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları” üzrə:

4.2.1. 2.1-ci bənddə “müəssisələr” sözü “hüquqi şəxslər” sözləri ilə əvəz edilsin;

4.2.2. 2.5-ci bənddə “müəssisələrin” sözü “hüquqi şəxslərin” sözləri ilə əvəz edilsin;

4.2.3. 2.8-ci və 2.9-cu bəndlərdə “müəssisənin” sözü “hüquqi şəxsin” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2023-cü il

* * * *

 

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Qrant haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 366; 2001, № 12, maddə 736; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 1; 2009, № 8, maddə 611; 2013, № 3, maddə 215; 2014, № 2, maddə 82, № 11, maddələr 1358, 1369; 2017, № 3, maddə 335; 2019, № 1, maddə 27; 2020, № 8, maddə 1019) 3-cü maddəsinə aşağıdakı məzmunda 2-2-ci hissə əlavə edilsin:

“2-2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Azərbaycan Respublikasının adından və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) adından aldığı qrantların reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılır.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2022-ci il