“İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai birliyinin nümayəndəsi Pərvanə Vəliyeva 8-9 may tarixlərində ABŞ-ın Nyu York şəhərində yerləşən BMT-in Baş Qərargahında Baş Assambleyanın vərəmlə bağlı və Universal Tibbi Təminatla bağlı dinləmələrində iştirak edib, öz fikirlərini bildirib. 

Səfərlə bağlı fikilərini QHT.az-la bölüşən Pərvanə Vəliyeva qeyd edib ki,  22 sentyabr tarixində BMT-in Mənzil Qərargahında Baş Assambleyanın Vərəmlə bağlı Yüksək Səviyyəli görüşü keçiriləcək və BMT-ə üzv olan ölkələrin liderləri 2030-cu ilədək vərəmə son qoymaq üçün hazırlanacaq siyasi bəyannaməyə imza ataraq vərəmlə bağlı öhdəliklər götürəcəklər. Bəyannamə qəbul olunmadan öncə BMT çox sayda ölkədən vərəmlə maraqlı tərəflərin dinləmələrdə iştirakını təmin edib. 
 

Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasına üzv olan Vətəndaş Cəmiyyəti təşkilatlarını və vərəmin təsirinə məruz qalan icma nümayəndələrini mötəbər iclasda təmsil edən Pərvanə Vəliyeva bildirib ki, vərəmlə mübarizə aparan vətəndaş cəmiyyəti təşkilatlarının siyasi bəyannamədən gözləntiləri 2030-cu ilədək ən son beynəlxalq protokollara əsasən vərəmlə xəstə bütün insanlara profilaktika, diaqnostika, müalicə və qayğının təmin edilməsi, bütün milli vərəm proqramlarının bərabər, inkluziv, genderə-həssas, hüquqa-əsaslanan və insan mərkəzli olması, yeni vərəm vaksinin hazırlanması və rəqəmsal səhiyyə texnologiyalarının inkişafı üçün vərəmlə bağlı tədqiqatlara investisiya qoyuluşlarının artırılması, vərəmin bütün səhiyyə sistemlərində prioritetlərdirilməsidir.