Hesabata baxdıqda görürük ki, məcburi əmək cinayəti ilə bağlı Dövlət Əmək Müfəttişliyinin fəaliyyəti yalnız Bakı şəhərini və tikinti sahəsini əhatə edib. 

 

QHT.az bildirir ki,  bu barədə “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deyib. 

 

“2015-ci ildən Dövlət Əmək Müfəttişliyinin yoxlamalarına məhdudiyyət qoyulub. Baxmayaraq ki, bu məhdudiyyətlə bağlı 2021-ci ildə BMT-nin İqtisadi sosial və mədəni hüquqlar üzrə komitəsi Azərbaycana irad bildirib. Bu, bir çox Konvensiyaya ziddir. Bundan əlavə, dövlət qurumlarının veb-səhifələrində ingiliscə olan qanunlar 90-cı illərin sonu 2000-lərin əvvəli tərcümə edilib.

 

İllər əvvəl İtaliyadan olan məşhur vəkillə birgə Beynəlxalq Miqrasiya Təşkilatının sifarişi ilə hesabat hazırlayırdıq. Hesabatı redaktə edən də bəlli oldu ki, vəkil bizim köhnə qanunlara istinad edib. Sonradan məlum oldu ki, bizim ingiliscə qanunlarımız 20-25 il qabaq tərcümə edilib. Hazırda o qanunlar sistemdə qalmaqdadır və axtarış zamanı çıxır. Rəsmi dövlət orqanlarının veb səhifələrindən bu köhnə tərcümələr çıxarılmalıdır”, - deyə o bildirib.