Xəbərlər 03.03.2023 20:38 4820

Masallı idmançıları beynəlxalq və ölkə yarışlarında 113 medal qazanıblar

Masallı idmançıları beynəlxalq və ölkə yarışlarında 113 medal qazanıblar

Masallıda 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib.
Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir öncəsi Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov bildirib ki, ölkəmizdə idman siyasətinin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: “Bu siyasət hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimizin 4 mart 2005-ci il tarixli Sərəncamı ilə 5 mart tarixi “Bədən tərbiyəsi və idman günü” elan edilib. Azərbaycan xalqının fiziki sağlamlığına çalışan ölkə rəhbəri idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır...”
S.Cahangirov qeyd edib ki, Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı Masallı rayonundan da yan keçməyib. Belə ki, 2022-ci il ərzində təşkil edilən dünya, Avropa, respublika və zona yarışlarında 213 uşaq, yeniyetmə və gənc idmançı Masallı rayonunu təmsil edib. Onlardan 38 nəfəri birinci, 25-i ikinci, 50 idmançı isə üçüncü yerə layiq görülüb. 
Tərəfimizdən “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı altında gənclər arasında, eləcə də idarə, müəssisə və təşkilatlar arasında mini-futbol turnirləri, Ulu Öndərin xatirəsinə bütün idman növləri üzrə rayon birinciliyi və turnirləri, 15 iyun Milli Qurtuluş günü ilə bağlı “Qurtuluş” yürüşü, SSRİ idman ustası, Respublikanın Əməkdar məşqçisi Nadir Ağayevin xatirəsinə yunan-Roma güləşi üzrə respublika turniri və s. idman yarışları təşkil edilib. 
Bildirilib ki, rayon idmançıları hər il olduğu kimi ötən ildə də idmanın müxtəlif növləri üzrə keçirilən respublika yarışlarında, o cümlədən beynəlxalq turnirlərdə, Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstəriblər: “Belə ki,  Ruzanna Məmmədova sərbəst güləş idman növü üzrə Roma və Buxarest şəhərlərində keçirilən dünya və Avropa çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq dünya və Avropa çempionu adına layiq görülüb. Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatınının qızıl medalına sahib olub. Boccia üzrə paralimpiyaçımız Bəhruz Mirzəyev Xorvatiyada keçirilən çempionatın qızıl medalına sahiblənərək Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına ilk reytinq xalını qazanıb. Arif Niftullayev Belqradda təşkil olunan yunan-Roma güləşi üzrə dünya çempionatında bürünc, Məhəmməd Qasımzadə Buxarestdə keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatında qızıl, Elgiz Məmmədov Bolqarıstanda veteranlar arasında keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında gümüş, Nərmin Abdinova Naxçıvan şəhərində keçirilən yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında qızıl, Əmrah Əmrahov Xorvatiyada keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatında bürünc, Zəfər Əliyev Yunanıstanda keçirilən çimərlik güləşi üzrə gənclərin Avropa çempionatında qızıl, Ruminiyadakı dünya çempionatında  gümüş, Rahid Həmidli Bolqarıstanda keçirilən yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə bürünc medal qazanıb.
Bundan başqa idmançılarmız respublikada keçirilən bir çox yarışlarda uğurlu nəticələr əldə ediblər. Belə ki, taekvondo üzrə ölkə birinciliyində  Mətləb Əliyev birinci, Rahid Vəliyev ikinci, Samir Məhərrəmov üçüncü, sərbəst güləş üzrə Azərbaycan çempionatında Namiq Babayev və Amin Quliyev birinci, İbrahim Nəcəfov və Səid Musayev üçüncü, yunan-Roma güləşi üzrə respublika çempionatında Əli Məmmədli, Rəvan Həşimov ikinci, Əlinihad Bağıyev, Nicat Tahirov və Ülvi Dadaşov üçüncü, boks üzrə ölkə birinciliyində Mirələm Məcidli və Leyla Nəsirova ikinci, Qəyyum Quliyev, Arif Məcidov və Saməddin Adiyev üçüncü yerə layiq görülüblər.
Onu da əlavə edək ki, Masallı rayonunu təmsil edən “Ərkivan” futbol komandası həvəsakarlar liqasının qalibi olub.”
Ötən ilin idman sahəsində daha uğurlu nəticələrlə yadda qaldığını vurğulayan İdarə rəisi idmançılara gələcək yarışlarda uğurlar arzulayıb.
Sonra 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə, eləcə də rayon idmançılarının uğurlarına həsr edilmiş videoçarx nümayiş olunub. 
Respublikanın Əməkdar məşqçiləri Həbib Mehdiyev, Sufəddin Məmmədov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayev, rayon idman ictimaiyyəti nümayəndələrindən Kamal Mazanov, Əlimərdan Abdullayev, Balayar İbayev, Mövsüm Tağıyev, Əbülfəz Nuriyev, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov, “Asiya.az” saytının redaktoru Cəfər Cəfərov, “Masallı xəbərləri” xəbər portalının rəhbəri Rauf Cəbiyev və başqaları qeyd ediblər ki, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir.
Natiqlər idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən, Azərbaycan, eləcə də Masallı idmançılarının uğurları və qarşıda duran məqsədlər barədə danışıblar.
Tədbirdə bir qrup idman ictimaiyyəti nümayəndəsi, ötən ilki yarışlarda uğur qazanmış idmançı və məşqçi-müəllimləri gənclər və idman idarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

Akif VAQİFOĞLU.

foto: Elsevər Əliyev


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı