Xəbərlər 17.05.2023 20:26 5395

Masallıda tanınmış ziyalı İltifat Məmmədovun xatirəsi anılıb

"Ölməzlik haqqı"nı qazananlar

 

Masallıda, rayonun tanınmış şəxslərindən biri, uzun müddət yüksək vəzifələrdə çalışmış İltifat Məmmədovun işıqlı xatirəsinə və 80 illik yubileyinə həsr edilmiş tədbir çərçivəsində “Ölməzlik haqqı” kitabının təqdimatı olub.
Təqdimat mərasimində rayon ziyalı və ağsaqqalları, təhsil, mədəniyyət işçiləri, yazıçı və jurnalistlər, kollecin müəllim və tələbələri, mərhum İltifat Məmmədovun qohumları, həmkəndliləri iştirak ediblər. 
Masallı Dövlət Regional Kollecinin təşkilatçılığı ilə Gənclər Evində keçirilən tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra rayonun tanınmış ziyalısı İltifat Məmmədov haqqında çəkilmiş “Ləyaqət işığında” sənədli filmi nümayiş edilib.
“Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev ömrünün 30 ildən çoxunu Masallının yüksəlişinə həsr etmiş İltifat Məmmədovun ömür yolu barədə məlumat verib.
“Ölməzlik haqqı” kitabının müəllifi yazıçı-publisist Nurəddin Ədiloğlu bildirib ki, kitabda ömrünü xalqa, el-obasına, təhsilə, dövlətçiliyə həsr etmiş unudulmaz ziyalımız haqqında oxuculara ətraflı məlumat verilib.
Əməkdar jurnalist Zakir Abbas, “Tərəqqi” medallı veteran jurnalist Əyyub Mehdiyev, “Cənub.az” regional xəbər saytının redaktoru Zahir Əmənov, Qızılağac kənd sakini Fərhad Abbasov, yazıçı Əlizaman Baxış səmimi xatirələrini bölüşərək İltifat Məmmədov kimi şəxsiyyətlərin yeni nəslə tanıdılmasının, bu cür tədbirlərinin təşkilinin əhəmiyyətini vurğulayıb, cəmiyyətə örnək insanlar haqqında məlumatların toplanmasını təqdirəlayiq hal kimi səciyyələndiriblər. 
İltifat Məmmədovun oğlu Bəhruz Məmmədov, qohumu Lalə İsrafilova kitabın, filmin ərsəyə gəlməsində zəhməti olan hər kəsə, eləcə də tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.   

Qeyd edilib ki, Məmmədov İltifat Ağaverdi oğlu 1943-cü ildə Masallı rayonunun Qızılağac kəndində müəllim ailəsində anadan olmuşdur. 1960-cı ildə Qızılağac kənd orta məktəbini bitirmişdir. 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1963-cü ildə isə ordu sıralarına çağırılmışdır. 1966-cı ildə hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirmiş, 1968-ci ildə həmin institutun tarix-filoloji fakültəsini bitirmişdir.
İltifat Məmmədov 1968-ci ildə təyinatla Masallı rayonunun Kalinovka (indiki Viləş) kənd orta məktəbinə dil-ədəbiyyat müəllimi təyin edilmişdir. Az müddət ərzində özünü bacarıqlı və qabaqcıl bir müəllim kimi göstərən İltifat müəllimin “Şəkilli inşaların aparılması” üzrə iş təcrübəsi Respublika Maarif Nazirliyi tərəfindən bəyənilmişdir. 
Azərbaycan KP Masallı rayon Komitəsinin siyasi maarif kabinetinin (1976-1977), Azərbaycan KP Masallı rayon Komitəsinin təbliğat və təşviqat şöbəsinin (1977-1981), Azərbaycan KP Masallı rayon komitəsi təşkilat partiya işi şöbəsinin müdiri (1981-1983), Azərbaycan KP Masallı rayon komitəsinin ikinci katibi (1983-1985), Masallı rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1985-1989), Azərbaycan KP Masallı rayon Komitəsinin birinci katibi (1989-1991) kimi yüksək və məsul vəzifələrdə işləmişdir. 1976-1991-ci illərdə Masallı rayon Sovetinin və Masallı şəhər Sovetinin deputatı olmuşdur. 1989-cu ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1990-cı ildən 1995-ci ilə kimi XII çağırış 263 nömrəli Masallı Seçki Dairəsindən Azərbaycan Respublikasının Xalq Deputatı seçilmiş, ona göstərilən etimadı şərəflə doğruldaraq rayonda böyük abadlıq və quruculuq işləri aparmağa nail olmuşdur. 1986-cı ilin 31 yanvarında Azərbaycan KP XXXI, 1990-cı ilin 6 iyulunda Azərbaycan KP XXXII qurultaylarının nümayəndəsi olmuşdur. 1990-cı ildə keçirilən Azərbaycan KP XXXII qurultayında ona yüksək etimad göstərilərək Azərbaycan KP Nəzarət-Təftiş Komissiyasının üzvü seçilmişdir. 1990-1995-ci illərdə Respublikanın Xalq Deputatı kimi Azərbaycan Respublikası Ali Sovetinin “Nəqliyyat və rabitə” komissiyasının üzvü seçilmişdir.
Xalq müəllimi və partiya işçisi kimi Azərbaycan müəllimlərinin 1978-ci ildə Bakı şəhərində keçirilən VII qurultayının nümayəndəsi olmuş, qurultayda çıxış etmişdir. SSRİ Ali Soveti rəyasət heyətinin 5 mart 1980-ci il tarixlı fərmanı ilə “Əmək rəşadətinə görə” medalı ilə təltif olunmuşdur.
1999-2004-cü illərdə Qızılağac kənd bələdiyyəsinin sədri olmuşdur. 
İltifat Məmmədov 2005-ci ildən Dövlət qulluqçusu kimi pensiyaya çıxmış, 2021-ci il mayın 13-də vəfat etmişdir.

 

Akif AĞAYEV

 

foto: Faiq Mirzə
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı