Xəbərlər 31.05.2023 11:00 1935

Tütünçülüyün azaldılması və fermerlərin alternativ ərzaq məhsulları istehsalına keçməsi üçün hüquqi tədbirlərin görülməsinə ehtiyac var

 

Pərvanə Vəliyeva -Sağlamlığa Xidmət İctimai birliyinin icraçı direktoru . 

31 may hər il dünyada Ümumdünya Tütünlə mübarizə Günü kimi qeyd olunur. Dünya ölkələri tütünün zərərlərinə diqqət çəkmək üçün bu istiqamətdə hər il silsilə tədbirlər həyata keçirirlər. Tütün hər il 8 milyondan çox insanın ölümünə səbəb olur. Tütündən istifadə ürək-damar xəstəlikləri, xroniki pulmonolji xəstəliklərin, o cümlədən vərəm, asma, xərçəng xəstəliyinin yaranmasını sürətləndirir. Tütündən dünyasını dəyişən insanların sayı QİÇS, malyariya və vərəmdən dünyasını dəyişənlərdən daha çoxdur.

 

 

 

Tütün istifadəsi sağlamlıq üzərindəki yükündən əlavə, səhiyyədən, məhsuldarlığın itirilməsindən, yanğından zərər və ətraf mühitə zərər kimi böyük iqtisadi xərclərə səbəb olur. Dünyada hər il təxminən 3,5 milyon hektar ərazi tütünçülük üçün çevrilir. Tütün yetişdirilməsi də ildə 200 000 hektar meşələrin qırılmasına səbəb olur.

 

 

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regionu dünyada tütündən istifadənin ən yüksək nisbətinə malikdir, təqribən 209 milyon böyüklər (və ya 29%) siqaret çəkir. Bundan əlavə, Regionda qadınlar arasında ən çox siqaret çəkilişi var (21%); Avropada hələ də təxminən 74 milyon qadın siqaret çəkir. Tütündən istifadənin yayılması regionda geniş şəkildə dəyişir.

 

 

 

ÜST-ün Qlobal tütün epidemiyasi hesabatının son məlumatına əsasən, Azərbaycanda tütündən istifadə kişilər arasında təxminən 40%, qadınlar arasında isə 3%-dir. 2020-ci ildə böyüklər arasında tütünçəkmə 24% təşkil edib. 2017-ci ilin məlumatına əsasən isə yaşı 15 yaşdan yuxarı olan kişilər arasında siqaret çəkmə təxminən 33,1% təşkil edib, yəni son illərdə ölkəmizdə tütündən istifadə edənlərin sayı artıb.

 

 

 

Azərbaycan ÜST-nın Tütündən istifadəyə Nəzarət üzrə Çərçivə Konvensiyasına 2006-cı ildə qoşulmuşdur. Bu Konvensiya tütündən istifadənin azaldılması üçün tədbirlər proqramı təklif edir. 2017-ci il 1 dekabr tarixində ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edilmişdir. Bu qanunla tütündən istifadə bir çox ictimai yerlərdə qadağan edilmişdir və qanunun pozulmasına görə məsuliyyət müəyyən edilmişdir. Azərbaycanın tütündən istifadə sahəsində həyata keçirdiyi tədbirlər bir çox beynəlxalq çağırışlara və tələblərə cavab verir.

 

 

 

ÜST-nın Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyası tütün işçiləri, becərənlər və fərdi satıcılar üçün (Maddə 17-də qeyd olunub) və ətraf mühitin və insanların sağlamlığının mühafizəsinin gücləndirilməsi (Maddə 18) üçün iqtisadi cəhətdən səmərəli alternativlərin təşviqi üzrə xüsusi prinsiplər və siyasət variantları təklif edir. Ölkələrdə bu müddəaların həyata keçirilməsi gücləndirilməlidir.

 

ÜST-ün bu ilki tütünlə mübarizədə istifadə etdiyi şüar: “Bizə tütün yox, qida lazımdır”.

 

2023 qlobal kampaniyası tütün fermerləri üçün alternativ məhsul istehsalı və marketinq imkanları haqqında məlumatlılığı artırmaq və onları davamlı, qidalı məhsullar yetişdirməyə təşviq etmək məqsədi daşıyır.

 

 

 

Tütün istehsalçılarının davamlı qidaların istehsalçısına çevrilməsi təşviq edilir, bununla da qlobal ərzaq böhranına töhfə verilməsi təbliğ edilir. Tütün yetişdirilməsi və istehsalı qida təhlükəsizliyi məsələlərini daha da artırır.

 

 

 

Artan ərzaq böhranı münaqişə və müharibələr, iqlim hadisələri, təbii fəlakətlər və COVID-19 pandemiyasının iqtisadi və sosial təsirlərinə diqqət çəkilir. Bütün bunların fonunda tütünçülüyün azaldılması və fermerlərin alternativ ərzaq məhsulları istehsalına keçməsi üçün hüquqi tədbirlərin görülməsinə təcili ehtiyac var.

 

 

 

Tütün sənayesi tez-tez tütün fermerlərinin dolanışığının müdafiəçisi kimi çıxış edir. Bu, həqiqətdən çox uzaqdır. Tütün yetişdirilməsi zamanı insektisidlər və zəhərli kimyəvi maddələrlə intensiv şəkildə işləmək bir çox fermerlərin və onların ailələrinin səhhətindən əziyyət çəkməsinə səbəb olur. Bundan əlavə, tütün şirkətləri ilə ədalətsiz müqavilə razılaşmaları fermerləri yoxsul halda saxlayır və çox vaxt tütün yetişdirilməsinə toxunan uşaq əməyi təhsil hüququna və insan hüquqlarının pozulmasına gətirib çıxarır.

 

 

 

10 ən böyük tütün yetişdiricisindən doqquzu aşağı və orta gəlirli ölkələrdir və bunlardan 4-ü aşağı gəlirli ərzaq çatışmazlığı olan ölkələrdir. Tütün yetişdirmək üçün istifadə edilən torpaqlardan Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədi 2 – sıfır aclığa nail olmaq üçün daha səmərəli istifadə oluna bilər.

 

 

 

2023-cü ilin Ümumdünya Tütünlə Mübarizə Günü kampaniyaları hökumətləri və siyasətçiləri qanunvericiliyi gücləndirməyə, uyğun siyasət və strategiyalar hazırlamağa və tütün fermerlərinə bazar şərtlərini onlara və ailələrinə daha yaxşı həyat təmin edəcək ərzaq məhsullarının yetişdirilməsinə keçməyə imkan verməyə çağırır.

 

Pərvanə Vəliyeva : Sağlamlığa Xidmət İctimai birliyinin icraçı direktoru 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı