"Əminəm ki, bu qərarın icrası vətəndaş cəmiyyətinin inkişafına ciddi töhfə verəcək”
Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasının, qrant məbləğinin müəyyən edilməsi meyarlarının və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin təsdiq edilməsi haqqında” qərar qəbul edib.
QHT.az xəbər verir ki, QHT Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova qeyd edib ki, uzun zaman vətəndaş cəmiyyətində müzakirə edilən əsas məsələlərdən biri məhz layihələrin müxtəlif kateqoriyalara bölünməsinin zəruriliyi idi: “Sənəddə müsabiqə üçün layihələrin qəbulu, qiymətləndirilməsi, maliyyələşmə proseduru aydın şəkildə əks olunub. Hesab edirəm ki, bu qaydalar QHT-lərin davamlı, uzunmüddətli, effektli fəaliyyəti ilə nəticələnəcək və ictimai birliklərə tematik mövzularda layihə idarəçiliyi səriştəsi qazandıracaq. Əminəm ki, Nazirlər Kabinetinin bu qərarının icrası da vətəndaş cəmiyyətinin inkişafına ciddi töhfə verəcək”.
Pərvanə Fərhadqızı