“Dayanıqlı sülh yalnız terrora son qoyulduqdan sonra mümkündür” – millət vəkili
Azərbaycan tərəfi sülh müqaviləsinin irəlilədilməsi istiqamətində əməli addımlar atır.
QHT.az xəbər verir ki, ölkəmiz həmçinin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara daim sadiqlik nümayiş etdirib. Buna baxmayaraq, sözügedən üçtərəfli bəyanat imzalanan ilk gündən etibarən Ermənistan tərəfi bəyanatın bir çox müddəalarını yerinə yetirməyib və Rusiya tərəfi öhdəlikləri çərçivəsində bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etməyib.
Millət vəkili Vüqar Bayramov bildirib ki, üçtərəfli bəyanatın əsas öhdəliklərindən biri də qeyri-leqal erməni ordusu üzvlərinin Qarabağdan qısa zamanda çıxarılması idi: “Hazırda Azərbaycan ərazisində 10 min qanunsuz erməni hərbiçisi var. Bu gün daha 6 Azərbaycan vətəndaşı erməni terrorunun qurbanı oldu. Qarabağda və bütövlükdə Qafqazda sülh üçün anti-terror əməliyyatları labüd idi. Dayanıqlı sülh yalnız terrora son qoyulduqdan sonra mümkündür” .
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən başlanan antiterror əməliyyatı çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.
Pərvanə Fərhadqızı