Xəbərlər 01.07.2025 13:17 75

"Azərbaycan QHT-ləri xarici donorlardan asılılığı arxada qoyacaq" – Əliməmməd Nuriyev

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev QHT.az-a verdiyi açıqlamada qanunvericilikdə təklif olunan dəyişikliklərin hüquqi proporsionallıq prinsipini zəiflədə biləcəyini və bu vəziyyətin yerli resursları məhdud olan QHT-lərin fəaliyyətinə mənfi təsir göstərə biləcəyini bildirib.

O, xüsusilə vurğulayıb ki, QHT-lərin fəaliyyəti yalnız maliyyə və layihə idarəçiliyi ilə məhdudlaşmır. Onlar həm də ictimai nəzarət, hüquqi maarifləndirmə, sosial dəstək və insan hüquqlarının müdafiəsi sahəsində mühüm missiya daşıyırlar:

"Hər hansı yeni tənzimləmə onların fəaliyyətini daha da genişləndirməlidir və fəaliyyət şəffaflığını təşviq etməlidir. Başqa sözlə desək, istənilən tənzimlənmə maraq və balans tənzimləmə ehtiyacından doğmalıdır. Buna görə də təklif olunan maddənin tətbiqinə dair aşağıdakı yanaşmaları məqsədəuyğun hesab edərdik:

  1. Maddənin hüquqi texnikası təkmilləşdirilməlidir. Müddətlər və meyarlar qanunda dəqiq şəkildə göstərilməlidir.
  2. İnzibati məsuliyyət tədricən tətbiq olunmalı, ilkin pozuntuya görə xəbərdarlıq, təkrar hallarda isə proporsional cərimə nəzərdə tutulmalıdır.

Eyni zamanda, düşünürəm ki, bu layihə vətəndaş cəmiyyəti etibarının maraqlarına birbaşa təsir göstərdiyinə görə yaxşı olardı ki, bu dəyişikliklərlə bağlı Agentlik tərəfindən və ya digər təşkilatlar tərəfindən ictimai dinləmə keçirilərdi, dəyişikliklərdə vətəndaş cəmiyyətinin rəyi də nəzərə alınardı və eyni zamanda onun iştirakı ilə bu dəyişiklik hazırlanardı. Çünki bu, gələcəkdə qanunun tətbiqi baxımından çox əhəmiyyətli ola bilər. Eyni zamanda, müvafiq müqavilələrin təqdim olunması üçün rəqəmsal və sadələşdirilmiş platformalar yaradılmalı və texniki səbəblərdən gecikmələr üçün güzəşt mexanizmi də tətbiq olunmalıdır".

Əliməmməd Nuriyev həmçinin Azərbaycan Prezidentinin vətəndaş cəmiyyəti qarşısında qoyduğu vəzifələrin daha dolğun şəkildə yerinə yetirilməsi üçün qanunvericiliyin balanslı şəkildə tənzimlənməsinin və resurs imkanlarının artırılmasının əhəmiyyətini vurğulayıb:

"Vətəndaş cəmiyyəti və hüquqi dövlət bir-birini tamamlayan sütunlardır. Normativ nəzarət çox vacibdir və bu, həm də dövlətin özünün qırmızı cizgilərini qorumaq üçün vacibdir. Hazırda xüsusilə dəyişən dünyamızda bu daha da vacib, həyati əhəmiyyətli prinsipə çevrilməkdədir. Bir çox hallarda bəzi dövlətlər və beynəlxalq transmilli təşkilatlar dövlətlərin siyasətinə təsir göstərmək və onların suverenliyini zəiflətmək üçün yumşaq güc amilindən istifadə edirlər. Heç şübhəsiz ki, dövlətin bununla bağlı müqavimət imkanları olmalıdır. Bunun da ən vacib legitim formalarından biri qanunvericilikdə müvafiq dəyişikliklər etməkdir. Amma ümid edirəm ki, Azərbaycan qeyri-hökumət təşkilatları xarici maliyyə donorlarından asılılığı artıq arxada qoyacaq və bu proses tarixə qovuşacaq. Bu isə, düşünürəm ki, milli QHT-lərin həm də resurs imkanlarının artırılması ilə müşayiət olunmalıdır. Çox yaxşı ki, bir neçə ay əvvəl QHT-lər Dövlət Dəstəyi Agentliyi mühüm bir bəyanatla çıxış edərək qeyd etdi ki, artıq növbəti ildən başlayaraq vətəndaş cəmiyyəti büdcəsindən ayrılan maliyyə vəsaitləri daha da genişlənəcək. Vətəndaş cəmiyyəti layihələrin daha nəticə yönümlü olmasına yeni imkanlar verəcək. Həm də vətəndaş cəmiyyəti xarici partnyorlarla münasibətdə, eyni zamanda beynəlxalq platformalarda daha rəqabət qabiliyyətli imkanlara malik olan bir subyekt kimi iştirak etməsinə yeni imkanlar yaradacaqdır. Bir neçə il əvvəl qlobal cənub platformalarının Azərbaycanda keçirilməsi də bunun göstəricisidir. Ondan əvvəl də COP 29-da vətəndaş cəmiyyətinin genişmiqyaslı iştirakı da Azərbaycan vətəndaş cəmiyyətinin daha da güclənməsinə təsir göstərən faktorlardır. Hesab edirəm ki, əlbəttə ki, qanunvericiliyin balanslı formada ictimai maraqları nəzərə alaraq tənzimlənməsi və eyni zamanda resurs imkanlarının artırılması, vətəndaş cəmiyyətini gücləndirməyə gətirib çıxara bilər. Bu zaman vətəndaş cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin vətəndaş cəmiyyəti qarşısında qoyduğu vəzifələri daha dolğun şəkildə yerinə yetirməyə yönəldə bilər. Bu vəzifələr arasında ölkədə ictimai nəzarətin güclənməsi, şəffaflıq və hesabatlılığın artırılması, problemlərin aşkar edilməsi və dövlət orqanlarına öz təkliflərinin verilməsi genişmiqyaslı dəstəyə gətirib çıxarda bilər".

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı