İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlər QHT-lərin daim diqqətindədir -ŞƏRH
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerjinin bərpa olunması, yeni iqtisadiyyatın formalaşdırılması nəticə etibarilə yeni keyfiyyətdə infrastrukturun yaranmasının göstəricisidir. Təbii ki, əhalinin işlə təmin olunması da dövlət siyasətinin prioritet məsələlərindən biridir.
QHT.az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bildirib.
Onun sözlərinə görə, əhali bu ərazilərə köçürülməmişdən əvvəl sorğu aparılaraq hər birinin qayıdış planı, niyyəti, istəyi öyrənilir. Çünki bu sorğular həm də onların iş, təhsil və tibbi təminatı ilə bağlıdır: “Həmin ərazilərə köçən əhalinin sayı bilinməlidir. Bunların hamısı balanslaşdırılmalı və təbii ki, düşünülmüş şəkildə hər hansı bir vətəndaşın imkanları və ehtiyacları nəzərə alınaraq yaşayışları təmin olunmalıdır. Vətəndaşların öz doğma torpaqlarına qayıdışı, eyni zamanda, dünya ictimaiyyətinə bir mesajdır ki, biz Vətənimizin hər guşəsini dirçəldəcəyik, yaşayışı bərpa edəcəyik”.
R.Zeyni qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlər vətəndaş cəmiyyətlərinin və qeyri-hökumət təşkilatlarının daim diqqət mərkəzindədir. Vətəndaş cəmiyyəti nümayəndələri, media təmsilçiləri bu regionlara mütəmadi səfərlər edərək tədbirlər keçirir. Əsas məqsədlərdən biri də “Vətən çağırır bizi” devizinə əməl etməkdir: “Hazırda Qərbi Azərbaycan İcması dədə-baba yurdlarımıza qayıtmaq hüququ ilə bağlı böyük işlər görür, eyni zamanda, bununla bağlı qayıdış konsepsiyası qəbul olunub. Bu, təxminən 500 maddədən ibarət çox geniş konsepsiyadır. Bu da bizim soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıtmaq haqqıdır ki, maddə-maddə yerinə yetirilir. Sevindirici haldır ki, bu günlərdə Qərbi Azərbaycan İcmasının bəyanatı və müraciəti BMT-nin işçi sənədi kimi paylanıb. Eyni zamanda, UNESCO-ya olan müraciətə artıq rəsmi cavab da verilib. Halbuki, Azərbaycan dövlətinin, qeyri-hökumət təşkilatlarının müraciətlərinə bu illər ərzində cavab verilmirdi”.
R.Zeyni soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtmaqlarına beynəlxalq hüquq çərçivəsində haqqı olduğunu xüsusilə vurğulayıb.