Eyyub Hüseynov: "Naməlum heyvan ətləri ilə bağlı təhlükələr artmaqdadır"
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov QHT.az-a açıqlamasında ölkədə naməlum və təhlükəli heyvan ətlərinin satışına qarşı ciddi narahatlığını ifadə edib.
O bildirib ki, Bakıya və regionlara daşınan mənşəyi bilinməyən heyvan ətləri ictimai sağlamlığa ciddi təhdid yaradır və bu halların qarşısını almaq üçün dövlət orqanları daha səmərəli fəaliyyət göstərməlidirlər:
"Naməlum heyvan ətlərinin Bakıya daşınması, regionlarda satılması, digər ətlər arasında gizlədilərək təqdim olunması insanların sağlamlığına şübhəsiz ki, mənfi təsir göstərir. Bu ətlərin mənbəyini müəyyən etmək, hətta elmi araşdırmalarla belə mümkün deyil. Azad İstehlakçılar Birliyi olaraq biz bu sahədə hökumətə və Qida Təhlükəsizliyi Agentliyinə dəstək göstərməyə çalışırıq. Təsadüfi deyil ki, dörd il əvvəl mən iki il müddətinə Qida Təhlükəsizliyi Agentliyinin İctimai Şurasının üzvü olmuşam və dəfələrlə Agentliyi ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə sıx işləməyə, KİV-də yayımlanan materialları təqib etməyə, onlarla əlaqəli fəaliyyət göstərməyə və jurnalistlərə təşəkkür etməyə çağırmışam. Çox təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi media vasitələrindən istifadə edərək istehlakçıları öz fəal könüllülərinə çevirə bilməyib. Təhlükəli və mənşəyi məlum olmayan heyvan ətlərinin satışının qarşısını almaq üçün İctimai Şurada olduğum dövrdə də bu məsələni qaldırmışam. Bu cür halların insan sağlamlığına yaratdığı təhlükə danılmazdır və problemin mənbəyini müəyyən etmək, təəssüf ki, elmi müstəvidə belə mümkün deyil. Azad İstehlakçılar Birliyi olaraq bu istiqamətdə fəaliyyətimizi davam etdirir və aidiyyəti qurumlarla əməkdaşlıq etməyə hazırıq".
Eyyub Hüseynov həmçinin heyvanların identifikasiyası ilə bağlı sistemin işləmədiyini bildirib. Onun sözlərinə görə, illər əvvəl bu sistemin tətbiq ediləcəyi və hər bir heyvanın izlənə biləcəyi vəd edilsə də, bu günə qədər heç bir real nəticə yoxdur:
"Çox təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi kütləvi informasiya vasitələrindən istifadə edərək istehlakçıları öz könüllülərinə çevirə bilməyib. Təhlükəli və təsadüfi heyvan ətlərinin satışının qarşısını almaq üçün mən İctimai Şurada olduğum dövrdə Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Mafusovla görüşdüm. Bu məsələ ilə bağlı aramızda mübahisə də oldu. O, məni hələ dörd il əvvəl inandırdı ki, iki il ərzində bu sahədəki problemlər – xüsusilə də heyvanların identifikasiyası məsələsi – həll olunacaq.
Yəni heyvan dünyaya gələn andan etibarən onun qulağına birka vurulacaq, məlumatlar kompüter bazasına daxil ediləcək, heyvana tətbiq olunan baytarlıq dərmanları izlənəcək və heyvan bütün həyatı boyu nəzarətdə saxlanılacaq. Nəticədə, hansı marketdə həmin heyvanın əti satıldı, necə emal olundu – bütün bu proseslər izlənə biləcəkdi. Lakin çox təəssüflər olsun ki, bu günə qədər ölkədə heyvanların identifikasiyası faktiki olaraq həyata keçirilməyib. Azərbaycan istehlakçısı bu sistemin tətbiqini illərlə gözləməli olacaq. Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, ölkənin əmtəə bazarında satılan, o cümlədən ət məhsulları qablaşdırılmalı, üzərində buraxılma və son istifadə tarixləri, məhsulun hansı fermer təsərrüfatından gəldiyi barədə məlumat olmalıdır. Təəssüf ki, bu sahədə də real nəticələr yox səviyyəsindədir. Deməli, Qida Təhlükəsizliyi Agentliyi hələ də qarşısına qoyduğu hədəflərə çatmaqdan uzaqdır".
Eyyub Hüseynov onu da qeyd edib ki, SSRİ dövründə erməni müəlliflər tərəfindən tərtib olunan və azərbaycanlıları eşşək əti yeyən xalq kimi təqdim edən kitablar belə təbliğatın və təhrifin tərkib hissəsidir və bu cür hallar ölkənin imicinə zərbə vurur. Azad İstehlakçılar Birliyi və onun rəhbəri bu istiqamətdə maarifləndirmə işlərini davam etdirməklə yanaşı, dövlət orqanlarını və cəmiyyəti daha sıx əməkdaşlığa çağırır:
"Qanunsuz heyvan kəsimi ilə mübarizənin effektivliyini artırmaq üçün bir daha qeyd edirəm ki, bu, yalnız inzibati yollarla, yəni yerli polis orqanları, icra hakimiyyətləri və Qida Təhlükəsizliyi Agentliyi vasitəsilə mümkün deyil. Kəsim yerlərini, necə deyərlər, ifşa etməklə iş bitmir. Əsas məsələ istehlakçıları maarifləndirmək və elə bir ictimai mühit yaratmaqdır ki, insanlar bu cür hallardan çəkinsinlər. İstehlakçılar küçə kəsimindən imtina etməlidirlər. Bu istiqamətdə maarifləndirmə işi geniş şəkildə aparılmalıdır. Təəssüf ki, ictimaiyyətin bu sahədə dövlət orqanlarına dəstəyi azdır. Çünki əvvəl də qeyd etdiyim kimi, xəstəlikdən ölmüş və ya murdar olmuş heyvanlar, o cümlədən at və eşşək ətləri bəzən bələdiyyələrin, sahə müvəkkillərinin, axundların, müəllimlərin və ziyalıların tanıdığı məhəllələrdə, qonşuluqlarda olur. Lakin onlar çox zaman dövlət orqanlarının effektiv fəaliyyət göstərmədiyini görərək susurlar".
Azad İstehlakçılar Birliyi olaraq o, bu istiqamətdə mümkün olan hər şeyi etməyə çalışdığını bildirib. Eyyub Hüseynov qeyd edib ki, təsadüfi deyil ki, illər əvvəl bir fermer bizə zəng etmişdi, bildirmişdi ki, inəyi ölmüşdü, ətini fermanın itlərinə belə verməmişdi. Əvəzində aparıb uzaqda bir qamışlığa atmışdı. Daha sonra xəbər aldı ki, leş yığanlar həmin əti oradan götürüb. Dərhal operativ məlumat verdi və o da hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb, həmin şəxslər ifşa olundu:
"Həmin hadisədən sonra biz, o fermerə, leş yığanlar tərəfindən bir buzovun verilməsinə nail olduq. Bu, bir neçə il əvvəl baş verib. Yəni əhali, fermerlər və təsərrüfat sahibləri fəal olarsa, vəziyyəti dəyişmək mümkündür. Xeyli irəliləyişə nail olmaq olar. Bir sözlə, Qida Təhlükəsizliyi Agentliyi ilə əhali arasında sıx əməkdaşlıq olmalıdır. İstehlakçılar müşahidə etdikləri halları Agentliyin 1003 nömrəli qaynar xəttinə bildirməlidirlər. Başqa bir vacib məsələ də odur ki, hazırda ölkədə heç bir heyvan ətinin satışına qadağa yoxdur. At, eşşək və digər qeyri-ənənəvi heyvanların əti də satıla bilər. Qanunvericilik sadəcə tələb edir ki, bu ətlərin mənşəyi göstərilsin və istehlakçı aldadılmasın. Lakin Azad İstehlakçılar Birliyi olaraq biz bu mövqedən razı deyilik. Hesab edirik ki, ölkədə ənənəvi olmayan heyvan ətlərinin satışına hüquqi qadağa qoyulmalıdır. Milli mədəniyyətimizə və köklərimizə uyğun olaraq yalnız ənənəvi heyvan ətləri istehlak edilməlidir. Təsadüfi deyil ki, Azad İstehlakçılar Birliyinin arxivində 1963-cü ildə dərc olunmuş bir kitab var. Həmin kitabda SSRİ xalqları arasında yalnız Azərbaycanda eşşək ətinin yeyildiyi qeyd olunub. Sonradan öyrəndik ki, bu kitab ermənilər tərəfindən tərtib olunub və Azərbaycan xalqını gözdən salmaq məqsədi güdüb. Kitab rus dilindədir və məqsədyönlü şəkildə xalqımızı eşşək əti yeyən millət kimi təqdim edib. Bu da bir daha sübut edir ki, milli dəyərlərin və qida mədəniyyətinin qorunması təkcə sağlamlıq deyil, həm də milli ləyaqət məsələsidir".
Pərvanə Fərhadqızı
QHT.az