Xəbərlər 13.11.2023 11:05 2207

BAFTA filmləri Bakıda nümayiş olundu 

14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı davam edir.

 

QHT. az. Kult.az-a istinadən  xəbər verir ki, festival çərçivəsində Britaniya Kino və Televiziya Sənəti Akademiyası (BAFTA) namizədlərinin xüsusi nümayişi olub.

 

Festivalın “British Council” ilə əməkdaşlığı nəticəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı uğrunda nominant və qalib olmuş filmlər yerli tamaşaçılara təqdim edilib.

 

Tədbiri giriş sözü ilə açan festivalın proqram koordinatoru Nərmin Muradova qeyd edib ki, artıq üç ildir ki, festivalımızda xüsusi yeri olan “Bafta nominantları” proqramında izləyicilərə bir-birindən maraqlı, rəngarəng filmlər təqdim olunub.

 

“Bu il də istisna deyil. Belə ki, 14-cü festivalımızda biz "Baziqaqa", "İrlandsayağı vida", "Avtobus qız", "Dağın gözləyir" filmlərini izləyicilərə təqdim edirik. Artıq bu illər ərzində proqramın özünün xüsusi tamaşaçısı formalaşıb”.

 

“British Council”un direktoru Nərgiz Hacıyeva "Bafta" filmlərinin nümayişinin önəmindən danışıb.

 

“Biz artıq 30 ildir ki, Azərbaycanda fəaliyyətimizi davam etdiririk. Fəaliyyətimiz ingilis dilində təhsil, həmçinin incəsənət yönümlü proqramları həyata keçirməkdən ibarətdir. Bakı Beynəlxalq Qısa Filmlər Festivalı olan əməkdaşlığımız sayəsində festival tərkibində bu proqramın yaradılması bizi sevindirir.

 

Çox şadıq ki, bu həftə ərzində “Bafta"ya namizəd olan filmləri yenidən nümayiş etdirə biləcəyik. Bu fürsəti bizə yaratdığı üçün Fehruz bəy və onun kollektivinə öz təşəkkürlərimi bildirirəm.

 

Bu il həm də xüsusi bir ildir. Biz ilk dəfə olaraq, Bafta namizədini ölkəmizə dəvət etmişik. Britaniya filmlərindən biri – “Baziqaqa”nın rejissoru Jo Moys bizimlədir”, - deyə qeyd edib.

 

Qeyd edək ki, "Baziqaqa" filmi real hadisələr əsasında çəkilib. 1994-cü ildə Ruandada soyqırım vaxtı pastor balaca qız ilə insanların çox qorxduğu şaman Baziqaqanın komasında gizlənir. Bir yandan döyüşçülərin təqib etdiyi, bir yandan da qəribə cadugər qadının tələsinə düşən Karembe çıxış yolu axtarır.

 

Ruanda və Britaniyalı rejissor Co İnqaber Moys filmlərin nümayişindən sonra tamaşaçıların suallarını cavablandırıb.

 

O çıxışı zamanı beynəlxalq festivalların əhəmiyyətini vurğulayıb. "Hər bir rejissorun arzusudur ki, onun filmi dünyanın müxtəlif ölkələrində göstərilsin. Bu baxımdan da, rejissor ərsəyə gətirdiyi filmin yayım siyasəti haqqında da düşünməlidir. Filmin üslubu, verdiyi mesaj və s. məqamları nəzərə alaraq onu müxtəlif festivallara göndərir".

 

Qeyd edək ki, festivalın açılış mərasimində 2023 cü ildə BAFTA və OSCAR mükafatı qazanmış “İrlandsayağı vida” filmi təqdim olunub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı