Elşad Məmmədov: “Süni üsullarla uşaqların dünyaya gətirilməsinin qarşısı dövlət tərəfindən alınmalıdır”
“Hesab edirəm ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində əks olunan süni mayalanma ilə, qeyri-təbii üsullarla uşaqların dünyaya gətirilməsi ilə bağlı məsələlər müsbət qarşılana bilməz".
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov QHT.az- a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, ölkəmizdə milli adət-ənənələrə, dini əsaslara uyğun şəkildə bu istiqamətdə qərarlar qəbul olunmalıdır: "Xüsusilə qərbdən, Avropadan idxal olunmağa cəhd göstərilən bu tip qərarlar, süni üsullarla uşaqların dünyaya gətirilməsində qeyri-təbii tətbiqlə bağlı cəhdlərin olmasını görürük. Bunların qarşısı dövlət tərəfindən alınmalıdır. Biz milli adət ənənələrimizə, dini əsaslarımıza uyğun şəkildə bu istiqamətdə hərəkət etməliyik”.
Qeyd edək ki, süni mayalanma yeni problemlər yaradır. Əkizlər xəstəliklərə daha çox meyllidirlər. Sonsuzluq probleminə son qoymaq üçün səhiyyədə istifadə edilən süni üsullar övlad istəyində olan ailələrin həsrətinə çarə olsa da, süni müdaxilə öz ardınca mənfi təsirlərə də yol açır. Bu qənaətə süni mayalanma üsulu ilə dünyaya gələn uşaqların üzərində aparılan müayinələrdən sonra gəlinib. Belə ki, mütəxəssislərin bu istiqamətdə apardıqları araşdırmalardan sonra məlum olub ki, süni mayalanma nəticəsində dünyaya gələn uşaqlarda təbii yolla doğulanlardan fərqli olaraq bir sıra problemlər yaranır. Yeri gəlmişkən, süni mayalanma prosesi ilə ilk dəfə 1978-ci ildə dünyaya gələn ingiltərəli Luiz Braun adlı qızın hazırda 45 yaşı var. Braunun normal qadın olduğu və onda bütün proseslərin, normal insanda olduğu kimi, getdiyi bildirilir.
Azərbaycanda isə süni mayalanma nəticəsində dünyaya gələn ilk körpənin 19 yaşı var. İlk dəfə türk mütəxəssisi Ersadık Turanın apardığı süni mayalanma hadisəsi 2004-cü ildə baş verib. Sonrakı illərdə Azərbaycanda həyata keçirilən süni mayalanma nəticəsində doğulan uşaqların sayı 90 minə yaxındır.
Pərvanə Fərhadqızı