Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin öz çıxışlarının birində qeyd etdiyi kimi, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı dərsi verdi! Azərbaycanın diplomatik mübarizədə qazandığı uğurlarla yanaşı, iqtisadi imkanlarımızın genişlənməsi fonunda ordumuzun qüdrətinin və gücünün artmasına əsaslanırdı.
Ali Baş Komandan İlham Əliyev hər zaman Azərbaycanın möhkəm təmələ əsaslanan uğurları fonunda daim bu əminliyi ifadə edirdi ki, mütləq şəkildə ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Günü- gündən inkişaf edən və güclənən Azərbaycanla yanaşı siyasi arenada bəzi xarici ölkələrin dəstəyinə baxmayaraq hər gün, hər ay Ermənistanın zəifləməsini görürük.
Əlbəttə ki, bunu artıq bu məsələ ilə məşğul olan bütün maraqlı qurumlar, ölkələr də görür, bilir. Ümumiyyətlə tarixin gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaq.
Azərbaycanın ümidi hər zaman öz xalqına, haqq və ədalətə, beynəlxalq hüquqa və artan gücünə olmuşdur.
Ermənistan isə hər zaman öz ümidlərini əsas olaraq xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinə bağlamışdır.
İlk dəfə 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.
Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilmişdir.
107 yaşlı ordumuzun 26 İyun- Silahlı Qüvvələr Günündə keçdiyi inkişaf yolunu bir yazıda əhatə etmək mümkün olmasa da, görünən reallıq budur ki, dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusu, İkinci Qarabağ müharibəsində, 44 günlük müharibədə tarix yazıb.
İşğala son qoyaraq, Böyük Qayıdışa yol açıb.
Artıq neçə ildir ki, Silahlı Qüvvələr Gününü məhz bu uğurumuzun-torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayaraq qeyd edirik.
SSRİ-dağıldıqdan sonra, müstəqilliyimizin ilk illərində mövcud ictimai-siyasi gərginlik digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğursuzluqlara səbəb olmuşdur.
Xalqın təkidli tələbi ilə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı bu sahədə də mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul yaratdı. Ulu Öndər Heydər Əliyev deyirdi ki: «Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik.» Mayın 12-si 1994-cü ildə dahi şəxsiyyət Heydər Əliyevin böyük səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması bir daha ölkəmizin sülh siyasətinə sadiqliyini dünyaya nümayiş etdirdi.
Əlbəttə ki, məsələnin danışıqlar yolu ilə həllində maraqlı olduğunu bəyan edən rəsmi Bakı, eyni zamanda, , dövlətçiliyimizin, müstəqilliyimizin qarantı kimi ordunun möhkəmlənməsini prioritet məsələ kimi öndə saxlayırdı.
Silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən bütün tədbirlər müsbət nəticəsini göstərdi.
Respublikada keçirilən Beynəlxalq Müdafiə Sərgiləri, möhtəşəm hərbi paradlar ordu quruculuğu istiqamətində aparılan islahatların hesabatı kimi dəyərləndirilirdi. Durmadan inkişaf edən və hərbi qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, Ümummilli Lider Heydər Əliyev siyasətinə sadiqliyini atdığı hər bir addımıyla təsdiqləyən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün bayram tədbirlərində hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda nümayiş etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı bir daha belə əminlik yaradır ki, biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Aparılan sülh danışıqları səmərə vermədiyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündədir. Müstəqil Azərbaycanın güclü, peşəkar ordusu var.
2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan intensiv atəşə tutması nəticəsində başlanan Böyük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı.
44 gün davam edən əks-əməliyyatlar nəticəsində Şuşanın Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Hadrutun və 300-dən çox yaşayış məntəqəsinin, kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaradan Azərbaycan Ordusunun uğurları Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin 17 illik gərgin dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, siyasi-diplomatik səylərinin, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir.
Ölkə başçısı , Ali Baş Komandan İlham Əliyevin söylədiyi «Şuşasız bizim işimiz yarımçıq olar» bu sözləri ulu babalarımızın əmanətini xalqımıza qaytarmaqla ulu öndər Heydər Əliyevin vəsiyyətini də yerinə yetirdi. 44-günlük müharibədə döyüş əməliyyatlarında ordumuzun ən müasir avadanlıqlarla və hərbi texnikalarla təchiz olunması, yüksəkdəqiqlikli silahlardan istifadə, mövcud nizam-intizam qələbənin başlıca amilləri olmaqla beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağla bağlı qəbul edilsə də, icra mexanizmi «unudulan» qətnamələrin yerinə yetirilməsini mütləq qələbə əldə edərək reallaşdırdı.
«Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətinə salıbdır. BMT-dən başqa, bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir…Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, «Dağlıq Qarabağ ordusu»nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir» söyləyən Ölkə Başçısı İlham Əliyev bildirir ki, biz haqq, ədalət, torpaqlarımız uğrunda mübarizə aparırıq.
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Ölkə Prezidenti cənab İlham Əliyevin hücum əmrinə hər zaman hazır olduqlarını bildirən Azərbaycan əsgəri torpaqlarımızın işğaldan azad etmək qüdrətində olduğunu bir daha təsdiqlədi. Ölkə başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
Onuda qeyd edək ki, hələ ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gərgin səyləri nəticəsində C.Naxçıvanski adına hərbi liseyin əsası yaradılmışdır. Uzaq görən siyasi bacarığı ilə Azərbaycanın müstəqil gələcəyini düşünən Ümummilli Lider ordumuzun gənclərimizin sayəsində formalaşacağını önə çəkərək, belə bir hərbi məktəb-liseyin yaradılmasını zəruri hesab etmişdir. Heç də təsadüfi deyil ki, ordumuzda xidmət edən zabitlərin əksəriyyətinin ulu öndər Heydər Əliyevin yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, hərbi hava, və hərbi dəniz qüvvələrinin, quru qoşunlarının məzunlarıdırlar. Son illərdə imkan və potensialı daha da artan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursant və şahinləri hər zaman döyüşə hazır olduqlarını keçirilən hərbi paradlarda nümayiş etdirirdilər.
Qələbəmizin doğurduğu sevincə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin bütün strukturlarında çalışan hərbçilərimizə diqqət və qayğısının bariz nümunəsi olan Sərəncamları daha böyük sevinc qatır, ictimaiyyət Ali Baş Komandanın bu mühüm addımlarını rəğbətlə qarşılayır. Vətənə bağlılığı, Hərbi hazırlığı ilə fərqlənən, beynəlxalq təhlükəsizliyin qorunmasında fəal iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlıları, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının, Prezidentin Təhlükəsizlik Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının bölmələri, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının çevik hərəkət qüvvələri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları, Silahlı Qüvvələrin dəniz piyadaları da Ali Baş Komandanın əmrinə hazır olduqlarını, bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini bildirirdilər.
Çox sevindirici haldır ki, bu gün Azərbaycanda nizami ordu var!
Hər zaman müdafiə qüdrətimizin artırılmasını məhz Azərbaycan dövlətinin daxili məsələsi olduğunu önə çəkən cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə ordu quruculuğu prosesi uğurla gedir. Bu günlərim Milli Ordumuzda döyüş qabiliyyəti, peşəkarlıq, ruh yüksəkliyi yüksək səviyyədədir. 44 günlük İkinci Qarabağ müharibəsi əlbəttə ki, bunu bir daha sübut elədi.
Müstəqil Azərbaycan gəncliyinin hamisi kimi yeni nəslin nümayəndələrinin fiziki cəhətdən sağlam, müasir dünyagörüşlü, beynəlxalq tələbələrə uyğun idarəetmə bacarığına yiyələnmələrinə diqqətlə yanaşan cənab İlham Əliyev Ali Baş Komandan kimi gənclərin hərbi xidmət zamanı göstərdikləri nizam intizam və hazırlıqlarından məmnun qalır: «Mən çox şadam ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Gənclərimiz bizim ümidimizdir. Gələcəkdə ölkəmizi onlar idarə edəcəklər. Mən çox şadam ki, orduda xidmət edən gənclər Vətənə bağlı olan insanlardır.»
Reallıq budur ki, son illərdə artan maddi imkanlarımız hesabına ordunun maddi-texniki bazası möhkəmlənmiş, hərbçilərin yaşayış və məişət məsələlərinə, sosial müdafiəsinə diqqət artırılmışdır.
Bütün bu qeyd etdiklərimizi nəzərə alsaq, deyə bilərik ki, müstəqilliyin qorunmasını onun əldə olunmasından daha çətin olduğunu bildirən ümummilli lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, biz müstəqil dövlət kimi yaşaya və inkişaf edə bilərik.
Heç də təsadüfi deyil ki, ordumuzun döyüş əməliyyatları XXI əsrdə müharibə aparılması nümunəsi adlandırılır.
Ölkə iqtisadiyyatının son illərdə güclənməsinin, ordu quruculuğunun intensivləşməsinin, müdafiə sənayesinin inkişafının məntiqi nəticəsi olan torpaqlarımızın azad olunması düşmən üzərində Mütləq Qələbəmizi şərtləndirdi.
Ermənistanın işğaldan azad edilən Azərbaycan torpaqlarında törətdikləri vəhşilikləri, mülki əhaliyə qarşı törətdikləri qəddarlığı, barbarlıqları görən dünya ictimaiyyəti də təsdiqləyir ki, başqalarına nifrət hissi Ermənistanda olduğu kimi heç bir dövlətdə, millətdə yoxdur. «Onlar bu iddianı müəyyən müddət ərzində reallaşdıra bilmişdilər, bizim torpaqları işğal etmişdilər, qonşu xalqı didərgin salmışdılar. Hesab edirdilər ki, onlar haqlıdır və saxta tarix yaradırdılar. İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur» sözləri ilə işğalçının aqibətinin mütləq məğlubiyyətlə nəticələnəcəyini bildirən Prezident İlham Əliyev Ermənistanın timsalında faşizmin bütün dünya üçün qorxulu bəla olduğunu göstərir, radikalizmi, separatizmi, dini etnik təmizləmə siyasətini dəstəkləyən qüvvələri haqqa, ədalətə çağırır.
Sözsüz ki, Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Siyasi müstəvidə, diplomatiyada gücünü göstərdi. Üç dövlət- Azərbaycan, Rusiya, Ermənistan arasında Bəyanatı imzalamaqla tolerant ölkə kimi Azərbaycan bir daha öz imicini qorudu, multikultural dəyərlərin bəşəri, qüdrətli gücə malik olduğunu göstərdi. «Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir» söyləyən və bu tarixin müəllifi olan Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı zərbə vurdu. Bildirdi ki, Qarabağ bizimdir. Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır.
Heç şübhəsiz ki, bundan belə də, günü -gündən qüdrətlənən Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalqına tarixində ən böyük Qələbə hissini yaşatdığı kimi, bundan sonra da ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasına öz töhfəsini verəcək.
Ulu Öndər, Ümummilli Liderimiz Heydər Əliyevin də vurğuladığı kimi: “Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır!”
Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) prezidenti, 1ci və 2-ci Qarabağ Vətən Müharibəsinin iştirakçısı, müharibə veteranı Nəsimi Qarabağlı Novruzoğlu Həsənov