Xəbərlər 26.04.2024 14:33 2261

Peşə-əmək Reabilitasiyası Mərkəzindən 2 gənc Niderlanda təcrübə kursuna yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə kursuna cəlb edilmiş 2 nəfər əlilliyi olan gənc – Əli Qurbanlı və Səbinə Əliyeva Niderland Krallığına təcrübə kursuna yola salınıb.  

 

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov yola salınan gənclərlə görüşüb, onlara uğurlar arzu edib. O, cari ilin ötən dövründə Mərkəzdə əlilliyi olan 200-dən çox şəxsə peşə reabilitasiya xidməti göstərildiyini bildirib.

 

Qeyd olunub ki, Mərkəzdə reabilitasiyaya cəlb edilmiş gənclər mütəmadi olaraq digər ölkələrdəki (Çexiya, Gürcüstan, Türkiyə və b.) müvafiq peşə dərnəklərinə və təcrübə proqramlarına da göndərilirlər. Son beş ildə Mərkəzdən əlilliyi olan 130-dan çox gənc bu proqramlara cəlb edilib. 

 

Hazırda isə Mərkəzin daha 2 məzunu Niderland Krallığına The Art of Wellbeing (Sağlamlıq sənəti) Gənclər Mübadiləsi layihəsində iştirak edərək təcrübə qazanmaq üçün göndərilir. 

 

Mərkəzdə kompüter istifadəçisi peşəsinin sirlərinə yiyələnən Ə.Qurbanlı və S.Əliyeva layihə çərçivəsində qeyri-formal təhsil metodlarından istifadə etməklə idmanda gənclərin rolu və inklüziv cəmiyyətin inkişafı istiqamətində təlimlərdə iştirak edəcəklər. 

 

Təcrübə səfərləri Sosial Xidmətlər Agentliyi ilə "Sağlam düşüncə" Gənclər Təşkilatı arasında əlilliyi olan gənclərin mübadilə proqramının birgə keçirilməsinə dair imzalanan Əməkdaşlıq Memorandumuna əsasən təşkil edilir. 

 

Həmçinin mübadilə proqramı çərçivəsində ötən dövrdə 6 ölkədən 40-a yaxın əlilliyi olan şəxs Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə təcrübə mübadiləsinə cəlb edilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı