Xəbərlər 10.05.2024 18:12 2881

QHT sədrinin iqlim dəyişikliyinin köçəri quşlara təsiri haqqında AÇIQLAMASI

10 may - Beynəlxalq Köçəri Quşlar Günüdür.

2006-ci ildən başlayaraq qlobal səviyyədə qeyd olunan bu günün əsas mahiyyəti həm dövlət, həm də qeyri-dövlət təşkilatlarının, eyni zamanda, vətəndaşların diqqətini köçəri quşların mühafizəsinə cəlb etməkdən ibarətdir.

Bəs iqlim dəyişikliyi kimi qlobal amillər köçəri quşların həyatına necə təsir edir və bu təsirlərlə necə mübarizə aparmaq olar?

QHT.az bu sualı “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova ünvanlayıb. QHT sədri köçəri quşlarla bağlı beynəlxalq araşdırmalar aparıldığını və nəticədə böyük köçəri quşların iqlim böhranının yaratdığı temperaturun artması səbəbindən daha az, kiçik köçəri olmayan quşların isə daha çoxaldığını ortaya qoyduğunun müəyyən edildiyini vurğulayıb: “İqlim dəyişikliyi quşların çoxalmasına təsir edir. Əvvəllər köçəri quşlar isti ölkələrə, Afrikaya üz tutardılar. Son illər Afrikada quraqlığın artığına görə, quşlar İsrailin Hula vadisində bataqlıqlara gedirlər. Səbəb daha sərin, nəm iqlimli quşları cəlb edir. Burada çalışan işçilər həmin quşlara qulluq edirlər, yemək verirlər. Araşdırmalara görə, quşların 56, 7 %-də çoxalma nisbətləri azalıb. 43, 4 % artarkən ən çox azalma köçəri quşların çoxalmasında baş verib”.

İradə Həsənova həmçinin bildirib ki, 20-21 –ci əsrlərdə temperatur çox ciddi şəkildə dəyişib, artıb: “Yağıntıların normasında dəyişikliklər, iqlim qurşağında yerdəyişmələr, heyvanların çoxalma və qışlama ekoloji şəraitin dəyişməsinə səbəb olub. Həmin quşlar köç edərkən bu təsirlərə məruz qalır”.

Qeyd edək ki, ölkəmiz quşların faunası baxımından olduqca zəngindir. Quşların 40 faizi oturaq növ olmaqla Azərbaycanda ilboyu müşahidə edilir, digər növlər isə qışlayan və köç vaxtı ölkəmizdə qeydə alınan növlərdir. Hər il Azərbaycan ərazisindən 20 milyondan çox təkcə su-bataqlıq quşu keçir. Həm istirahət, həm yemlənmək, həm də dayanacaq kimi buradan istifadə edirlər. Ölkəmizdə su-bataqlıq quşlarının qorunması məqsədilə Qızılağac, Ağgöl, Abşeron və Şirvan Milli parkları təşkil edilib.

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı