Şəhidimiz polkovnik-leytenant Nail Orucovun doğum günüdür
Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Nail Orucov 1978-ci il iyunun 11-də Astara rayonunun Məsçitməhəllə kəndində anadan olub.
QHT.az xəbər verir ki, 1992-ci ildən 1995-ci ilə qədər Cəmşid Naxçivanski adına Hərbi liseydə təhsil alıb. 1995-ci ildə Bakı Ümumqoşun məktəbinə daxil olub və 1999-cu ildə həmin məktəbi "Motoatıcı" ixtisası üzrə bitirib. Həmin ildən Azərbaycan Ordusunda xidmət etməyə başlayıb və 2016-cı ildə polkovnik-leytenant kimi ehtiyata buraxılıb. 29 sentyabr 2020-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təlimlərə cəlb olunub. Oktyabrın 6-dan etibarən, 1-ci Tabor komandiri vəzifəsi ilə müharibədəki xidmətinə başlayıb. Onun taboru Füzuli, Hadrut, Cəbrayıl və Qubadlı istiqamətində əks-hücum əməliyyatları ilə düşməni geri çəkilməyə məcbur qoyub, Qubadlı rayonunu tam nəzarətə alıb. Nail Orucov 31 oktyabr tarixində Qubadlı istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Nail Orucov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!