Hansı hallarda valyutanın ölkədən çıxarılmasına icazə verilməyəcək? Deputatdan AÇIQLAMA
Baş nazir "Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar"da dəyişiklikləri təsdiq edib. Yeni qaydalarla bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın hərəkəti dayandırılacaq. İnzibati araşdırma və ya cinayət təqibi zamanı valyutanın maddi sübut qismində götürülməsi halları istisnadır.
QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, yeni qaydalarla, gömrük sərhədindən valyuta keçirməyə çalışan şəxsin gömrük qaydalarına zidd hərəkətləri səbəbindən məsuliyyətə cəlb edilmə faktı da valyutanın hərəkətinin dayandırılması indikatorlarından biri olacaq: "Bu dəyişikliklərin məqsədi ölkədən qanunsuz valyuta çıxarılmasına qarşı mübarizəni gücləndirmək, şəffaflıq və hesabatlığı artırmaqdır. Qeyd edək ki, bu qaydalar "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müəyyənləşdirilmişdir".