"Muğan bölgəsində pambıqçılığın inkişafına dəstək” layihəsi çərçivəsində maarifləndirmə seminarları keçirildi - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Muğan Düzü" Sosial İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən "Muğan bölgəsində pambıqçılığın inkişafına dəstək” layihəsi çərçivəsində bir sıra maarifləndirici seminarlar təşkil edilib. Tədbirlər 20 avqust 2024-cü il tarixində İmişli rayonunun Məzrəli kəndində, 21 avqustda Qaradonlu kəndində, 22 avqustda isə Qızılkənd kəndində keçirilib.
QHT.az xəbər verir ki, layihənin rəhbəri V.Quliyev çıxış edərək tədbirin məqsədi və layihə haqqında məlumat verib. Daha sonra İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələri A.Hüseynov, S.Yaqubov və layihənin eksperti A.Adilov çıxış edərək, pambıqçılıqla məşğul olan fermerlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə pambıqçılığı inkişaf etdirməyin yollarından danışıblar. Xüsusilə, quraqlığa və şoranlığa davamlı yeni pambıq sortlarının tətbiqi, aqrotexniki qaydalara əməl edilməsi və torpağın becərilməsindən məhsul yığımına qədər olan mərhələlər haqqında ətraflı məlumat verilib.
Fermerlər çıxış edərək, torpaq analiz laboratoriyasının olmamasının, aqrotexniki qaydalara tam riayət edilməməsinin və becərmə zamanı seyrəltmənin düzgün aparılmamasının pambıq məhsuldarlığına mənfi təsir etdiyini bildiriblər. Layihə rəhbəri və eksperti bu məsələləri dinləyərək, 23 avqust 2024-cü il tarixində İmişli rayonunda DAİM ofisində keçirilən yekun seminarda müzakirə ediblər.
Tədbirin sonunda Saatlı və İmişli rayonlarında keçirilən seminarlarda fermerlər tərəfindən irəli sürülən təkliflər Kənd Təsərrüfatı Nazirliyinə təkliflər paketi şəklində göndəriləcəyi bildirilib. Suallar cavablandırılıb və seminar iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. İctimai birliyn əməkdaşları Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirdə iştirak edən iştirakçılara öz dərin təşəkkürlərini bildirdilər.