Elşad Məmmədov: "... Azərbaycan-Türkiyə iqtisadi əlaqələrini gücləndirəcək"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın rəhbəri Elşad Məmmədov QHT.az-a verdiyi açıqlamada bildirib ki, Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin stimullaşdırılması, eləcə də logistika və nəqliyyat xəttlərinin genişlənməsi və inkişafı böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, “İğdır-Naxçıvan-Qars” dəmir yolu xəttinin istismara verilməsi Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsinə, hər iki ölkənin iqtisadiyyatlarının güclənməsinə və bölgə iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək.
Elşad Məmmədov vurğulayıb ki, bölgədə müxtəlif xətlər üzrə nəqliyyat və logistika dəstəyinin genişlənməsi, yeni nəqliyyat-logistika xətlərinin istismara verilməsi perspektivləri böyük önəm daşıyır. Xüsusilə regional iqtisadi əməkdaşlığın prioritetə çevrildiyi şəraitdə bu cür regional nəqliyyat-logistika xətləri qlobal logistika ilə müqayisədə daha vacib rol oynamağa başlayır.
Məmmədov qeyd edib ki, “İğdır-Naxçıvan-Qars” dəmir yolunun istismara verilməsi bir tərəfdən Naxçıvanın sosial-iqtisadi inkişafını sürətləndirəcək, digər tərəfdən isə həm Azərbaycan, həm də Türkiyə iqtisadiyyatlarına mühüm təkan verəcək. Bununla yanaşı, bu yolun fəaliyyətə başlaması regional iqtisadi inkişafa da böyük töhfə verəcək.
Pərvanə Fərhadqızı
QHT.az