"Özəl pensiya fondlarının yaradılması vətəndaşların pensiya təminatını artıra bilər" - Vüqar Bayramov
Deputat Vüqar Bayramov özəl pensiya fondlarının yaradılmasının vacibliyini vurğulayıb.
QHT.az xəbər verir ki, deputat bildirib ki, bu sistemin tətbiqi vətəndaşların pensiya təminatını artırmaq üçün əhəmiyyətli bir addım olacaq:
"İnkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin. Bu da təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Bu kontektdən, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur. Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq məsələn 300 manat almaq imkanı qazanacaq. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq".
Deputat inkişaf etmiş ölkələrdə bu cür fondların geniş istifadə edildiyini və bunun insanların pensiya yaşında əlavə gəlir əldə etmələrinə şərait yaratdığını qeyd edib. Deputat, həmçinin özəl pensiya fondlarının etibarlılığının təmin olunmasının və yığılan vəsaitlərin düzgün idarə olunmasının vacibliyini vurğulayıb. Bu, Azərbaycanda pensiya sistemini daha da gücləndirə bilər və vətəndaşların həyat keyfiyyətinin yüksəlməsinə töhfə verər.
Pərvanə Fərhadqızı