"2025-ci ildə vərəmlə mübarizə sahəsində genişmiqyaslı tədbirlər planlaşdırırıq" - QHT sədri
"Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyinin sədri Çingiz Ramazanlı QHT.az-a 2025-ci il üçün təşkilatın prioritet fəaliyyət istiqamətlərini açıqlayıb. O bildirib ki, vərəmlə mübarizə sahəsində maarifləndirmə, təhsil, müalicə və hüquq müdafiəsi istiqamətində geniş layihələr həyata keçiriləcək.
1. Maarifləndirmə və təhsil proqramları:
Vərəmə qarşı cəmiyyətin məlumatlandırılması məqsədilə məktəblərdə, xəstəxanalarda və icmalarda təlimlər, seminarlar keçiriləcək, rəqəmsal platformalar üzərindən maarifləndirmə kampaniyaları aparılacaq.
2. Müalicənin əlçatanlığının artırılması:
Vərəm müalicəsi üçün dərmanların təmin edilməsi, müalicə mərkəzlərinin gücləndirilməsi və izləmə xidmətlərinin təkmilləşdirilməsi əsas məqsədlərdəndir.
3. Erkən diaqnostika və screening proqramları:
Mobil müayinə xidmətləri vasitəsilə uzaq bölgələrdə erkən diaqnostika həyata keçiriləcək. Risk qrupları üçün mütəmadi müayinələr təşkil olunacaq.
4. Psixo-sosial dəstək:
Vərəmli xəstələr üçün dəstək qrupları yaradılacaq, ailələr və yaxınlara təlimlər təşkil ediləcək. Bu tədbirlər xəstələrin sosial və psixoloji vəziyyətini yaxşılaşdırmağı hədəfləyir.
5. Tədqiqat və innovasiya:
Yeni dərmanlar və peyvəndlər üzərində tədqiqatların dəstəklənməsi, dünya ölkələrinin təcrübələrinin öyrənilməsi təşkilatın əsas fəaliyyət istiqamətlərindəndir.
6. Hüquq müdafiəsi:
Vərəmli xəstələrin hüquqlarının qorunması üçün hüquq müdafiəsi proqramları həyata keçiriləcək, iş yerlərində diskriminasiyanın qarşısının alınması məqsədilə maarifləndirmə və qanunvericilik dəyişikləri təklif ediləcək.
Çingiz Ramazanlı vurğulayıb ki, təşkilat dünya ölkələrinin təcrübələrindən yararlanaraq beynəlxalq əməkdaşlığı gücləndirmək niyyətindədir. Onun sözlərinə görə, vərəmə qarşı mübarizə təkcə səhiyyə ilə məhdudlaşmamalı, cəmiyyətin hər təbəqəsində maarifləndirmə və sosial dəstək işləri ilə tamamlanmalıdır.
Pərvanə Fərhadqızı