Türkiyənin Sosial və İqtisadi Dəstək Xidmətinə (SED) dair təcrübəsi öyrənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları Türkiyədə təcrübə səfərində olublar. Səfərin məqsədi qardaş ölkənin Sosial və İqtisadi Dəstək Xidmətinə (SED) dair təcrübəsinin öyrənilməsidir.
Nümayəndələr Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Uşaq Xidmətləri üzrə baş direktoru Ayşegül Yıldırım Kara ilə görüşərək fikir mübadiləsi aparıblar.
Xidmətin yerində öyrənilməsi məqsədilə Sosial Xidmət Mərkəzlərinə, habelə sosial və iqtisadi dəstək xidməti ilə təmin edilən 4 ailəyə səfər edilib. Qonaqlara sosial və iqtisadi dəstək xidməti ilə bağlı təqdimat edilib və fikir mübadiləsi aparılıb. Həmçinin Xidmətdə tətbiq edilən elektron sistemin iş mexanizmi barədə məlumat verilib.
Səfər çərçivəsində Eskişehir şəhərində yerləşən Uşaq evləri şəhərciyi və Uşaq evi də ziyarət edilib, Türkiyənin bu sahədəki təcrübəsi öyrənilib.
Sonra nümayəndə heyətinə Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Məktəb dəstək” layihəsi ilə bağlı məlumat verilib, layihənin əhəmiyyətindən danışılıb.
Görüş çərçivəsində həmçinin ailə və uşaqlara göstərilən qayğı yönümlü xidmətlər, keyslər üzrə mövcud vəziyyət və problemlər müzakirə edilib.