Xəbərlər 14.02.2025 10:26 361

"Vergi yığımlarının artması üçün əsas şərt vergi bazasının genişləndirilməsidir" - Elşad Məmmədov

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a verdiyi açıqlamada, vergi yığımlarının büdcə daxilolmalarında önəmli rol oynadığını qeyd edib.

O, beynəlxalq təcrübəyə əsaslanaraq, vergi yığımlarının artırılması məsələsinə toxunub. Professorun sözlərinə görə, vergi yığımlarının artımına sərtləşmə ilə nail olmaq bəzən gözlənilməz nəticələrə gətirib çıxara bilər. Bunun səbəbi, sərt vergi siyasətinin işgüzar fəallığa mənfi təsir göstərə bilməsidir:

"Beynəlxalq təcrübəyə görə, vergi yığımları büdcə daxilolmaları nöqteyi-nəzərdən önəmli amil kimi çıxış edir və büdcə daxilolmalarının böyük hissəsi məhz vergi xətti üzrə vergi yığımlarına aid olunur. Mənə elə gəlir ki, sırf sərtləşmə vasitəsilə vergi yığımlarının artımına nail olmaq məqsədi bir çox hallarda daha dərin problemlərə səbəb olur. Belə ki, vergi yığımlarının həcminin artırılması və həmin istiqamətdə dayanıqlılığın təmin edilməsi üçün ilk növbədə vergi bazasını genişləndirmək lazımdır. Sırf sərtləşmə naminə vergi siyasətinin həyata keçirilməsi və ümidlərin bağlanması ki, buna görə də dövlətin büdcə imkanları genişlənəcək, bir çox hallarda əks effekt verir. Çünki bu, işgüzar fəallığa təsir göstərir. Ona görə də işgüzar fəallıq stimullaşdırılmalı, ölkə iqtisadiyyatının texnoloji tutumu genişləndirilməlidir ki, vergi bazası daha böyük olsun və vergiləri də daha çox yığmaq mümkün olsun. O ki qaldı sosial xərclərin reallaşdırılmasında vergi yığımlarının rolu, birmənalı olaraq büdcənin sosial yükünün reallaşdırılması üçün büdcə daxilolmalarının xeyli həcmdə olmasına ehtiyac var. Çünki əks halda bu, büdcə defisitinə gətirib çıxarır. Büdcə defisitinin də həddi olur. Yəni onun genişləndirilməsi ilə bağlı məhdudiyyətlər olur. Ona görə də vergi yığımlarının, büdcə daxilolmalarının lazım olan səviyyədə olması vacibdir".

Son olaraq, Elşad Məmmədov vergi yığımlarının dayanıqlı artımının əsas amilinin vergi bazasının genişləndirilməsi olduğunu, bunun isə işgüzar fəallığın artırılması və innovativ sahələrin inkişafı ilə mümkün olacağını söyləyib.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı