Qızılın dünya bazarındakı bahalaşması Azərbaycana necə təsir edəcək? – Ekspertin QHT.az-a şərhi
Dünyada qızılın qiymətinin artması təkcə beynəlxalq bazarlarda deyil, həm də Azərbaycanda bir sıra sahələrə təsir göstərməkdədir.
Məsələ ilə bağlı QHT.az-a açıqlama verən İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, bu proses ölkəmizdə xüsusilə zinət əşyalarının və qızıl məmulatlarının qiymətində artıma səbəb olacaq.
"Çünki biz daha çox bu əşyaları xaricdən idxal edirik. Lakin digər tərəfdən, biz ölkəmizə 200 milyon dollara yaxın qızıl ixrac edirik. Bu, sözsüz, büdcə gəlirinə və valyuta ehtiyatlarının artmasına müsbət təsir göstərəcək", – deyə ekspert bildirib.
Onun sözlərinə görə, qızılın qiymətinin artması həm də valyuta gəlirlərinin artmasına, digər tərəfdən isə bəzi məhsulların bahalaşmasına yol aça bilər. Eyyub Kərimli əlavə edib ki, bu bahalaşma yalnız zinət əşyaları ilə məhdudlaşmır:
“Qızıl texnologiyada da istifadə olunduğu üçün bu qiymət artımı elektrik avadanlıqları, yarımkeçiricilər, kompüter və telefon avadanlıqları kimi məhsulların qiymətinə də bilavasitə təsir edə bilər”.
Ekspertin fikrincə, bu vəziyyət həm istehlak bazarında, həm də ixrac imkanlarında dəyişikliklər yarada bilər.
QHT.az olaraq qızıl bazarındakı bu dəyişikliklərin yerli iqtisadiyyata mümkün təsirlərini izləməyə davam edəcəyik.
Pərvanə Fərhadqızı
QHT.az