EAPCA baş katibi Təşkilatın Niderlandın Koalisiya Hökumətinə etirazını AÇIQLADI / FOTOLAR
Avro Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) baş katibi Sahil Qasımov QHT.az-a verdiyi açıqlamada 2024-cü ildə Brüsseldə yaradılmış EAPCA haqqında məlumat verib.
O, təşkilatın Avropanın 10-dan çox ölkəsindən, o cümlədən Azərbaycan və Türkiyədən olan təsisçiləri ilə Avro-Atlantik coğrafiyasında bir lobbi təşkilatı olaraq fəaliyyət göstərdiyini bildirib. Sahil Qasımov EAPCA -nın son dövrlərdəki mühüm fəaliyyətlərindən biri olaraq Niderlandın yeni qurulmuş Koalisiya Hökumətinin qəbul etdiyi dövlət proqramına etirazını qeyd edib:
"Bir müddət əvvəl Niderlandın yeni qurulmuş Koalisiya Hökuməti dövlət proqramı qəbul edərək, hakimiyyətdə olduğu müddət ərzində Ermənistana yardım etmək qərarına gəlib. Bu qərar, Azərbaycana Qarabağı işğal etməkdə və ermənilərə qarşı soyqırım törətməkdə ittihamlar yönəldir. EAPCA iderlandın Koalisiya Hökumətinin bu qərarına etiraz edərək rəsmi məktub imzalayıb. Təşkilat, Niderland Krallığına müraciət edərək məsələyə münasibətini bildirib. EAPCA tərəfindən Niderlandın Krallığına ünvanlanan müraciətdə, Krallığın Prezidentinə və Niderlandın rəsmi dairələrinə, həmçinin Azərbaycanın erməni işğalı altında qalan Qarabağ bölgəsindəki hüquq pozuntuları barədə ətraflı məlumat verilib. Müraciətdə, Niderlandın 1990-cı illərdəki Qarabağ işğalı və Xocalı soyqırımı ilə əlaqədar tərəfsiz yanaşmasının önəmi vurğulanıb. Təşkilat, Niderlandda çoxsaylı Azərbaycan əsilli ailələrin yaşadığını, bu ailələrin arasında çoxsaylı uşaqların böyüdüyünü və 30 minə qədər Azərbaycan əsilli Niderland vətəndaşının olduğunu, onların əksəriyyətinin vergi ödəyicisi olduğunu qeyd edib. Həmçinin, EAPCA, Niderland Krallığının BMT-nin 4 əsas qətnaməsini qəbul edərək Azərbaycanın ərazi bütövlüyünü tanıdığını xatırladıb və bu məsələdəki ikiüzlü yanaşmanı tənqid edib".
Sahil Qasımov təşkilatın əvvəllər də analoji müraciətlər göndərdiyini, xüsusilə Niderland Krallığına, Belçika Kralı Filippe, Fransa Prezidenti Emmanuel Macron və Avropa Parlamentinə ünvanlanmış bu müraciətlərdə Azərbaycan xalqının hüquqlarını qorumağa çağırıldığını və erməni işğalını tanımamağın vacibliyini vurğuladıqlarını bildirib.
Pərvanə Fərhadqızı
QHT.az