Xəbərlər 28.04.2025 01:13 177

Azərbaycan–Çin strateji tərəfdaşlığında yeni mərhələ: QHT sədri yazır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 aprel 2025-ci il tarixdə Çin Xalq Respublikasına dövlət səfəri müasir iqtisadi və siyasi münasibətlər sistemində yeni əməkdaşlıq mühitinin göstəricisidir.

21-ci əsrdə dünya yeni güc mərkəzi olan Çin iqtisadi möcüzəsini qəbul edib. XX əsrin 80-ci illərindən başlayaraq qarışıq iqtisadi inkişaf modelini seçən Çin Xalq Respublikası dünya iqtisadiyyatında ikinci pilləyə yüksəlməklə müasir texnologiyaların yaradıcısına çevrilməkdədir. Bu yüksəliş təcrübəsinin öyrənilməsi və Azərbaycan Respublikasında müvafiq istiqamətlərdə tətbiq edilməsi  məqsədə uyğundur. Çin Xalq Respublikasının uzun illər kommunist sistemilə idarə olunması və Azərbaycan Respublikasının SSRİ-nin tərkibində kommunist rejimi şəraitində mövcudluğu iqtisadi və siyasi sahədə təcrübə mübadiləsi üçün bir zəmin formalaşdırmışdır.

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri zamanı izalanan “Strateji Tərəfdaşlıq” haqqında bəyannamə iqtisadiyyat, ticarət, yaşıl enerji və texnologiya sahələrində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsini əhatə edir. Azərbaycanla Çin arasında viza rejiminin ləğv edilməsini xüsusilə qeyd etmək lazımdır.  Bu razılaşma turizmin inkişafına, investisiya mühitini yaxşılaşdırılmasına, innovasiya proqramları üzrə əməkdaşlığın genişləndirilməsinə müsbət təsir edəcək.   

Təsadüfi deyil ki, Azərbaycan Çin Xalq Respublikasının “Bir kəmər, bir yol” layihəsinə dəstək verən ilk ölkələrdən biri olub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz bu layihənin reallaşmasında aparıcı iştirakçıya çevrilib. Bu səfər Azərbaycan–Çin münasibətlərində strateji birliyin dərinləşməsi üçün mühüm mərhələ olmaqla iqtisadiyyatımızın rəqabətə davamlılığının gücləndirilməsinə töhfələr verəcək.

 

 

Sənan Yəhya

Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri
 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı