Xəbərlər 30.04.2025 17:13 244

85 min uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirildi – QHT sədrindən qiymətləndirmə

30 aprel 2025-ci il tarixində Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qeyd olunur ki, bu yanaşma valideynlərin prosesdə iştirakının rəqəmsal şəkildə sadələşdirilməsi baxımından mühüm addımdır. Prosesin valideyn-məktəb münasibətlərinə təsirini Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Şahin Rəcəbov QHT.az-a şərh edib.

Şahin Rəcəbov bildirib ki, bu sistemin tətbiqi müsbət dəyərləndirilməlidir:

“Faydası var. Uşaqların yerləşdirilməsi ilə bağlı problemlər var idi, valideynlər əziyyət çəkirdi. Məktəb seçimi və məktəbə yerləşdirilmə ilə bağlı müəyyən dövrlərdə bu məsələ gündəmə gəlirdi və maneələr olurdu. Rəqəmsal sistemdə sadələşdirilmənin aparılması, valideynlərin bu prosesdə iştirakı müsbət haldır və valideyn-məktəb münasibətlərinə yaxşı təsir edir.”

QHT sədrinin sözlərinə görə, valideyn və ailə məktəb münasibətinin əsas tərəfidir:

“Məktəb çalışmalıdır ki, valideynlə hərtərəfli əməkdaşlıq etsin. Uşaqların hansı məktəbdə yerləşdirilməsi, valideynin seçim hüququ, yaşayış yerinə uyğun məktəb göstəriciləri və digər məsələlər önəmlidir. Elektron sistemin sadələşdirilməsi və maneələrin aradan qaldırılması valideynlər üçün təqdirəlayiqdir.”

Valideynlər 1 may 2025-ci il saat 11:00-dan etibarən mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinetlərinə daxil olub elektron ərizələrini çap edərək müvafiq məktəblərə təqdim edə bilərlər.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı