Xəbərlər 01.05.2025 09:07 93

“Meşələrin qorunması ictimai vəzifədir” – QHT sədri

“Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım” İctimai Birliyinin sədri İradə Həsənova meşələrin qorunması və yaşıllıqların genişləndirilməsi istiqamətində ölkəmizdə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı QHT.az-a açıqlama verib.

Onun sözlərinə görə, hazırda Azərbaycan ərazisinin 14%-i meşə örtüyü ilə əhatə olunub, bu sahələrdə nadir bitki və kol növləri geniş yayılıb:

"Təəssüflə demək lazımdır ki, bu növlər arasında meşə əmələ gətirən ağacların sayı azdır. Buna görə də ölkəmizdə hər il meşə zolaqlarının salınması ilə bağlı kampaniyalar keçirilir, tezböyüyən ağac növlərindən ibarət plantasiyalar salınır. Bu məqsədlə 2020–2030-cu illəri əhatə edən xüsusi meşə proqramları hazırlanmışdır. Milli proqram 10 illik dövrü əhatə edir və Azərbaycanda meşəçiliyin inkişafı üçün əsas sənəd hesab olunur. Meşələrin və yaşıllıqların qorunmasında dövlətlə yanaşı, ictimaiyyətin də rolu böyükdür. İctimai nəzarətin gücləndirilməsi ağacların qanunsuz kəsilməsinin qarşısının alınması və yaşıllıqların qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə görülən işlər çərçivəsində 30 dekabr 1997-ci ildə “Azərbaycan Respublikasının Meşə Məcəlləsi” qəbul olunmuşdur. Məcəllədə meşələrin qorunması, onlardan səmərəli istifadə, bərpası və meşə təsərrüfatlarının təşkili ilə bağlı müddəalar əks olunmuşdur".

İradə Həsənova həmçinin media vasitələrində meşələrin qırılması və ağacların qanunsuz kəsilməsi ilə bağlı yayılan məlumatlara ciddi yanaşılmasının vacibliyini vurğulayıb:

"Meşələrin qorunması işinə yerli icmaların və qeyri-hökumət təşkilatlarının (QHT-lərin) daha fəal şəkildə cəlb olunması və bu sahədə işlək mexanizmlərin yaradılması zəruridir. Son dövrlər kütləvi informasiya vasitələrində meşələrin qırılması və ağacların qanunsuz kəsilməsi ilə bağlı yayılan məlumatlar ciddi şəkildə araşdırılmalı, meşələrə ziyan vuran şəxslərlə bağlı qəti tədbirlər görülməlidir. Unutmayaq ki, kəsilən hər bir ağac bir canlı həyatının məhv edilməsi deməkdir".

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı