Xəbərlər 14.05.2025 14:01 82

Cəlal Bərgüşadın 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTOLAR

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış yazıçı, publisist, tarixi romanlar müəllifi Cəlal Bərgüşadın anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib.

QHT.az xəbər verir ki, tədbir Yazıçılar Birliyinin və İz  Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Ədəbi-bədii xarakter daşıyan bu tədbir Cəlal Bərgüşadın zəngin irsinin geniş ictimaiyyətə tanıdılması və onun Azərbaycan ədəbiyyatındakı xidmətlərinin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Tədbirdə şairlər, yazıçılar, tanınmış jurnalistlər, elmi və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, oxucular, gənc yazarlar və yazıçının ailə üzvləri iştirak ediblər. Onların iştirakı yubileyin yüksək səviyyədə keçirildiyini və Cəlal Bərgüşadın ədəbi irsinə göstərilən diqqət və ehtiramı bir daha təsdiqləyib.

Yubiley tədbirini giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid açaraq iştirakçıları salamlayıb və yazıçının həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. O, Cəlal Bərgüşadın Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, milli yaddaşın formalaşmasında oynadığı əhəmiyyətli roldan bəhs edib. Rəşad Məcid çıxışında vurğulayıb ki, Cəlal Bərgüşad tarixi romanları vasitəsilə milli kimliyi və mənəvi dəyərləri qoruyub yaşatmaq missiyasını böyük məharətlə həyata keçirib. Onun qələmə aldığı əsərlər həm bədii dəyəri, həm də tarixi həqiqətləri əks etdirməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

Tədbirdə iştirak edən Xalq şairi Ramiz Rövşən yazıçı Cəlal Bərgüşadla bağlı unudulmaz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, onunla keçirdiyi görüşlərdən, ədəbi mühitdəki yoldaşlıqlarından və yazıçının yaradıcılığı ilə bağlı təəssüratlarından söz açaraq Təəssüflə bildirdi ki, Cəlal Bərgüşad Qubadlının alnmasını  görmədi lakin buna baxmayaraq onun ruhu bu gün şaddır.
Tədbirin təşkilatçısı olan "İz – Mədəniyyətin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Fəridə Mirişova çıxış edərək birliyin məqsəd və fəaliyyət istiqamətlərindən danışıb. O qeyd edib ki, "İz" birliyi mədəniyyətə iz qoymuş şəxsiyyətləri tanıtmaq, onların irsini gələcək nəsillərə çatdırmaq üçün çalışır və bu tədbirin keçirilməsi də məhz həmin missiyanın bir nümunəsidir. Fəridə Mirişova Cəlal Bərgüşadı öz izi ilə tarix yazan, milli təfəkkürə və ədəbiyyata mühüm töhfələr vermiş şəxsiyyət kimi dəyərləndirib.

Tədbirin aparıcısı, tanınmış publisist və ədəbiyyatşünas Əsəd Cahangir Cəlal Bərgüşadın ədəbi irsini geniş şəkildə təhlil edib. O, yazıçının fərdi üslubu, zəngin obrazlar aləmi və mövzu seçimi ilə ədəbiyyatımızda özünəməxsus yer tutduğunu bildirib. Əsəd Cahangir onun əsərlərində milli ruhun, tarixi reallıqların və insan xarakterlərinin dərin bədii təcəssümünü xüsusi vurğulayıb. Əməkdar müəllim Ofeliya  "Şəxsiyyət və yazıçı: şəxsi tanışlıq xatirələri" mövzusunda danışaraq, Cəlal Bərgüşadla bağlı şəxsi xatirələrini və onun insani keyfiyyətlərini iştirakçılarla bölüşüb. O, yazıçının sadəliyini, səmimiliyini və yüksək mənəvi keyfiyyətlərini xatırladıb.

Ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru professor Asif Rüstəmli "Cəlal Bərgüşadın ədəbi irsi" mövzusunda çıxış edərək, onun əsərlərinin janr müxtəlifliyindən, ideya dərinliyindən və ədəbi-estetik əhəmiyyətindən danışıb. Tədbirdə çıxış edən Əməkdar jurnalist Flora Xəlilzadə isə "Cəlal Bərgüşadın televiziya və publisistik fəaliyyəti" mövzusunda çıxış edərək, onun KİV sahəsindəki fəaliyyətindən,  maarifləndirici yazılarından və cəmiyyətə təsirindən bəhs edib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İlham Məmmədli "Cəlal Bərgüşadın həyatı və yaradıcılığı" mövzusunda çıxış edərək, yazıçının həyat yolunu, zəhmət və yaradıcılıq dolu fəaliyyətini geniş təhlil edib.
Tədbirdə çıxış edən Qubadlı rayonu İcra Hakimiyyətinin müavini Allahverdi Haqverdiyev  Filologiya üzrə elmlər doktoru, professor Lütviyyə Əsgərzadə, yazıçı, şairə Aysel Fikrət və digər natiqlər Cəlal Bərgüşadın müxtəlif sahələrdəki fəaliyyətindən bəhs ediblər.

Tədbirin sonunda yazıçının həyat yoldaşı Sayad Cavadzadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara səmimi minnətdarlığını bildirib. O, Cəlal Bərgüşadın xatirəsinə göstərilən yüksək diqqət və ehtirama görə dərin təşəkkürünü ifadə edib, belə tədbirlərin yazıçı irsinin yaşadılması baxımından mühüm olduğunu qeyd edib. Bu yubiley tədbiri Cəlal Bərgüşadın ədəbi və publisistik irsinin qorunması, geniş kütlələrə çatdırılması, gələcək nəsillərə ötürülməsi və onun Azərbaycan ədəbiyyatındakı önəmli rolunun bir daha təqdir olunması baxımından əlamətdar və yadda qalan bir hadisə kimi tarixə düşdü.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı