Azərbaycan Xüsusi Olimpiya Komitəsi ilə İspaniyanın müvafiq sahə üzrə məsul qurumları arasında görüş keçirilib
Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov İspaniyanın Barselona şəhərində İspaniya Xüsusi Olimpiya Oyunlarının Avropa Avrasiya Bölgəsinin Təşkilati İnkişaf və regional dəstək üzrə baş meneceri Qonzalo Ramos, bu ölkənin Xüsusi Olimpiya Oyunlarının icraçı direktoru Maria Fuste, İspaniya Xüsusi Olimpiya Oyunlarının idman direktoru Alvaro Terreros ilə görüşüb.
Görüşdə Xüsusi Olimpiya Oyunları hərəkatının inkişafı, regionda keçiriləcək tədbirlər, idmançılara dəstək və yeni layihələr barədə geniş müzakirələr aparılıb.
Vüqar Behbudov iştirakçılara Azərbaycan Xüsusi Olimpiya Komitəsinin fəaliyyəti, o cümlədən Azərbaycanın bu sahədəki uğurları barədə məlumat verib.
Görüşdə İspaniya Xüsusi Olimpiya Oyunlarının təcrübələrindən bəhs edilib, bu təcrübənin Azərbaycanın Xüsusi Olimpiyaçılarının təşkilati inkişafına və idmançıların sosial inteqrasiyasına necə təsir göstərə biləcəyi barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı Xüsusi Olimpiya Oyunlarının idman sahəsindəki əhəmiyyəti, idmançıların yüksək nəticələr əldə etməsi üçün daha yaxşı şəraitin yaradılması və tərəfdaşlıq əlaqələrinin inkişafı istiqamətində müzakirələr keçirilib.
Tərəflər əməkdaşlığın dərinləşməsi və regionda Xüsusi Olimpiya hərəkatının daha da güclənməsi üçün birgə addımlar atılmasının vacibliyini qeyd ediblər