Xəbərlər 22.05.2025 10:31 66

Yeni QHT modeli formalaşır- AÇIQLAMA

Son illər Azərbaycanda Qeyri-Hökumət Təşkilatları (QHT) sektorunda mühüm irəliləyişlər qeydə alınıb. Bu inkişaf dövlətin QHT-lərə göstərdiyi sistemli dəstək, həyata keçirilən ardıcıl institusional və normativ-hüquqi islahatlar nəticəsində mümkün olub. Belə ki, həm kəmiyyət, həm də keyfiyyət baxımından ciddi dəyişikliklər müşahidə olunur.

QHT.az xəbər verir ki, bu barədə “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev məlumat verib. Onun sözlərinə görə, dövlət dəstəyinin yalnız maliyyə ilə məhdudlaşmaması, eyni zamanda təlim, metodik yardım, konsultasiya və beynəlxalq əməkdaşlığın təşviqi istiqamətində həyata keçirilən tədbirlər QHT-lərin motivasiyasını artırıb, onların fəaliyyətini daha peşəkar və məqsədyönlü edib.

Ə.Nuriyev qeyd edib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması və yeni formatda fəaliyyəti sağlam rəqabət mühiti formalaşdırıb. Bu yanaşma QHT-lərin ixtisaslaşmasına, sahələr üzrə şəbəkələşməsinə, həmçinin çətir qurumların – birləşmələrin formalaşmasına təkan verib.

O, xüsusilə Milli QHT Forumunun institusional yenilənməsini və bu qurumun beynəlxalq arenadakı fəallığını vurğulayıb. Onun sözlərinə görə, Forumun təşəbbüsü ilə əvvəlcə COP29 QHT Koalisiyası yaradılıb, ardınca isə qısa müddətdə 116 ölkənin QHT-lərini bir araya gətirən Qlobal Cənub QHT Platforması təsis edilib. Bu Platformaya rəhbərliyin Azərbaycana həvalə olunması isə ölkəmizin QHT sektorunun beynəlxalq miqyasda artan nüfuzunun bariz göstəricisidir:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən vətəndaş cəmiyyəti siyasəti nəticəsində Azərbaycan QHT-ləri yeni bir təkamül mərhələsinə qədəm qoyub. Bu mərhələ QHT-lərin yalnız yerli deyil, həm də regional və qlobal miqyasda ictimai proseslərə təsir imkanlarının artması, strateji təşəbbüslərlə çıxış etməsi ilə səciyyələnir. Artıq Azərbaycan QHT-ləri beynəlxalq humanitar gündəliyin, iqlim dəyişiklikləri ilə mübarizənin, davamlı inkişaf məqsədlərinin formalaşmasında fəal iştirak edən güclü subyektlər kimi çıxış edirlər".

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı