Şəhid və qazi xanımları üçün psixoloji dəstək təlimi keçirilib - FOTOLAR
“Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qazi və şəhid xanımlarına psixoloji dəstək” layihəsinin icrasını davam etdirir.
2025-ci il iyunun 12-də layihə çərçivəsində şəhid və qazi xanımlarının iştirakı ilə “Stresin idarə edilməsi” mövzusunda psixoloji maarifləndirmə və dəstək təlimi keçirilib. Tədbirin açılışında çıxış edən İctimai Birliyin sədri Vüsalə Əmiraslanova layihənin əsas məqsədinin şəhid və qazi ailələrinin psixoloji rifahının gücləndirilməsi, emosional yüklənmələrin azaldılması və onların cəmiyyətə aktiv inteqrasiyasına dəstək göstərmək olduğunu bildirib. Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov və əməkdar müəllim Zülfiyyə Vəliyeva da iştirak edərək, bu həssas kateqoriyadan olan ailələrin ehtiyaclarına diqqət çəkib, layihənin sosial əhəmiyyətini vurğulayıblar.
Təlim psixoloq və təlimçi Fəridə Əliyeva tərəfindən aparılıb. Tədbir interaktiv şəkildə təşkil olunub, stresin yaranma səbəbləri, onun psixoloji və fiziki təsirləri, stresslə mübarizə yolları və emosional dayanıqlığın artırılması mövzusunda geniş müzakirələr aparılıb. Təlimdə ümumilikdə 50-yə yaxın şəhid və qazi xanımı, o cümlədən şəhid anaları iştirak ediblər. İştirakçılara psixoloji dəstək metodları ilə bağlı praktiki məlumatlar təqdim olunub, suallar cavablandırılıb.
Layihə çərçivəsində növbəti mərhələlərdə də psixoloji dəstək və maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.