"Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi bir ayın hesabatını təqdim edib - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən "İnsan alveri və məişət zorakılığı qurbanları üçün sosial xidmətlərin təşkili" layihəsi çərçivəsində may ayı ərzində görülən işlər barədə saytlar, müxtəlif məkanlarda ictimaiyyətlə görüşlərdə və seminarlar zamanı məlumatlar verilmiş, əlaqə nömrələri olan broşür və bukletlər paylanmışdır.
Bu barədə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a bildirib. Onun sözlərinə görə, layihənin təqdimatı Gənclər Evində, H. Əliyev Mərkəzində, Kitabxanada və ofisimizdə keçirilmişdir. Hesabat dövründə ümumilikdə 27 nəfər psixoloji dəstək üçün müraciət etmişdir. Onlardan 3 nəfər ailədaxili psixoloji zorakılıq və münasibət travmaları səbəbilə müraciət etmişdir. Bu şəxslərlə travma sonrası emosional stabilləşmə və təhlükəsizlik hissinin bərpasına yönəlik fərdi iş aparılmışdır.
6 nəfərdə təşviş pozuntusu, narahatlıq və panikaya bağlı əlamətlər müşahidə olunmuşdur. Bu şəxslərlə nəfəs məşqləri, zehni fokuslanma və koqnitiv çərçivələmə texnikaları tətbiq edilmişdir. Qalan 18 nəfər müxtəlif səbəblərlə – emosional tənzimləmə çətinlikləri, özünə dəyər hissinin zəifliyi, münasibət pozuntuları və ailədaxili konfliktlər səbəbilə müraciət etmişdir. Onlarla ilkin qiymətləndirmə aparılmış, fərdi dəstək planları hazırlanmış və hisslərin ifadəsi, sərhəd qoyma, özünü qəbul mövzularında işlər görülmüşdür.
3 nəfər üzərində isə xüsusi korreksiya işi aparılmışdır. Ailə daxilində yaranan gərginliklərin azaldılması və zorakılıq halları ilə bağlı müraciətçilərlə mütəmadi görüşlər keçirilmiş və dəstək tədbirləri həyata keçirilmişdir. May ayı ərzində benefisiarlara hüquqi və psixoloji xidmətlər göstərilmişdir.
Hüquqi xidmətlər üçün 39 nəfər müraciət etmişdir:
-
Mülkiyyət hüququ – 7 nəfər
-
Sənədlərin bərpası – 4 nəfər
-
Boşanma – 10 nəfər
-
Alimentin təyini – 14 nəfər
-
Uşaqla bağlı mübahisələr – 4 nəfər
Ümumilikdə müxtəlif instansiyalara 29 müraciət əsasında məktublar ünvanlanmışdır.
Qeyd edək ki, “İnsan alveri və məişət zorakılığı qurbanları üçün sosial xidmətlərin təşkili” layihəsi hələ də davam edir və növbəti mərhələlərdə də dəstək tədbirlərinin genişləndirilməsi planlaşdırılır.
Pərvanə Fərhadqızı