Aqrar sahədə yeni imkanlar və QHT-lərin maarifləndirici rolu Kənd təsərrüfatının inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı aqrar sahədə müasir yanaşmaların və yeni imkanların tətbiqinə geniş şərait yaradır.

Proqramın əsas istiqamətlərindən biri heyvandarlıq və digər aqrar sahələrdə məhsuldarlığın və keyfiyyətin artırılması, müasir texnologiyalardan daha səmərəli
istifadə olunmasıdır.

Bu baxımdan əsas yanaşma (ətlik və südlük istiqamətdə) çox heyvan saxlamaq və ya çox torpaq əkmək deyil, daha məhsuldar, keyfiyyətli və səmərəli təsərrüfat modelinə keçməkdir.

Dövlət Proqramında nəzərdə tutulan imkanların - iri və xırda buynuzlu heyvandarlıq, keçiçilik, süni mayalanma, müasir yemləmə və bəsləmə texnologiyaları, eləcə də
balıqçılıq və akvakultura sahəsində yeni imkanlar barədə fermerlərin maarifləndirilməsi və praktiki məlumatların çatdırılması bu istiqamətdə mühüm rol oynayır.

QHT rəhbəri və texnoloq kimi hesab edirəm ki, Dövlət tərəfindən yaradılan imkanların
təsərrüfat sahiblərinə çatdırılmasında və onların bu imkanlardan düzgün istifadə
etməsində QHT-lərin maarifləndirici fəaliyyəti mühüm əhəmiyyət daşıyır.

QHT olaraq yerlərdə, fermerlərlə birbaşa fermalarında və təsərrüfatlarında görüşə
bilirik. Ona görə də QHT-lərin həmin proqramda rolu olmalı və fermerlərə yerindəcə köməklik etməlidirlər.

Fermerlərə dövlət subsidiyalarının verilməsi qaydaları, məhsuldar cins heyvanlara keçid, süni mayalanma, müasir yemləmə və bəsləmə texnologiyaları, akvakultura və digər müasir imkanlar onlara sadə, əyani və praktik formada izah edilməlidir.

Əsas məqsədimiz: Çox heyvan saxlamaq və ya çox torpaq əkmək deyil, düzgün texnologiya ilə az torpaq əkmək və az heyvan saxlamaqla daha çox gəlir əldə etməkdir.

“Araz” Heyvandarlıq Südçülük İctimai Birliyinin sədri Novruz Əliyev