Bakıda "Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi" mövzusunda tədbir keçirilib.

QHT.az report.az-a istinadən xəbər verir ki, AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Ramil Ağayev deyib ki, ermənilərin alban maddi-mədəniyyət nümunələrinə sahib çıxmaq cəhdləri vaxtilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə sıx şəkildə bağlıdır.

Onun sözlərinə görə, Qafqaz Albaniyası Azərbaycan torpaqlarında yaranmış ən qədim dövlətlərdən biridir:

"Qafqaz Albaniyasında xristianlığın yayılması erməni kilsəsinin tarixindən əvvəlki dövrlərə gedib çıxır. Həmin dövrdə Albaniyada fəaliyyət göstərən katalikosluq və kilsə institutlarının müstəqilliyi məsələsi də tarixi mənbələr əsasında araşdırılıb. Hazırda isə təəssüf ki, bəzi hallarda bu irsin başqa xalqların adına çıxarılması cəhdləri müşahidə olunur".

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov bildirib ki, alban irsi müxtəlif dövrlərdə dağıdılıb. O əlavə edib ki, Qafqaz Albaniyasının tarixi və dini irsinin araşdırılması regionun keçmişinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədr müavini Fərhad Məmmədov qeyd edib ki, Azərbaycan torpaqları azad olunduqdan sonra bu ərazilərdə araşdırmalar aparılıb və bu iş davam edir:

"Ermənilər dini irsi silah kimi istifadə etməyə çalışırlar. Ermənistan kilsəsinin son zamanlar qəbul etdiyi qərarlar göstərir ki, Ermənistan cəmiyyətində ən böyük revanşizm elə budur. Qafqaz Albaniyası irsinin tarixi daha da dərin araşdırılmalıdır. Ya elmi, ya da siyasi səviyyədə biz bunun təsirini görəcəyik".

Deputat Zaur Şükürov vurğulayıb ki, bu mövzu daim öyrənilməlidir:

"Süni intellekt bu gün inkişaf edib və bunun sayəsində dəqiq olmayan informasiyalar da var. Gənclər bu istiqamətdə maarifləndirilməlidir. Dezinformasiyaya qarşı mübarizədə gənclərin məlumatlı olması zəruridir. Qafqaz Albaniyası ilə bağlı universitetlərdə məruzə edilməli, mövzu müxtəlif platformalarda işıqlandırılmalıdır".

Tədbir politoloq və tarixçilərin müzakirələri ilə davam edib.