Humanitar böhranların uzanması və beynəlxalq yardım büdcələrinin azalması milyonlarla uşağın təhsil imkanlarını təhlükə altına qoyur. Fövqəladə vəziyyətlərdə təhsili dəstəkləyən qlobal fond – Education Cannot Wait (ECW) bu istiqamətdə donorlardan 600 milyon ABŞ dolları maliyyə dəstəyi istəyir.

QHT.az xarici mediaya istinadən bildirir ki, Böyük Britaniya və Almaniya da daxil olmaqla, bir sıra əsas donorlar artıq maliyyə dəstəyi vəd ediblər. Bununla da fond hədəflədiyi məbləğin yarısından çoxunu toplamağa nail olub. Əlavə öhdəliklərin Cenevrədə keçiriləcək maliyyələşdirmə konfransında elan ediləcəyi gözlənilir. Bununla belə, ABŞ-dan gözlənilən maliyyə dəstəyinin hələ də qeyri-müəyyən qalması diqqət çəkir.

Cəlb olunacaq vəsait 2027–2030-cu illəri əhatə edən strategiya çərçivəsində humanitar böhranlardan zərər çəkmiş 10 milyon uşaq və yeniyetmənin təhlükəsiz və keyfiyyətli təhsilə çıxışının təmin edilməsinə yönəldiləcək.

Fond beynəlxalq ictimaiyyəti uşaqların təhsil hüququnun qorunması və humanitar böhran şəraitində təhsil imkanlarının genişləndirilməsi üçün maliyyə dəstəyini artırmağa çağırır.