Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.

Videoçarxların növbəti buraxılışında "Miqrasiya Könüllüsü" İctimai Birliyinin sədri Şəbnəm İbrahimli Vətən müharibəsininiyirmi altıncı günü - 22 oktyabrla bağlı xatirələrini bölüşür. Şəbnəm İbrahimli həmin günləri xatırlayaraq bildirib:

“44 günlük Vətən müharibəsi bütün dünyaya cəsarət, şücaət, inam və vətənpərvərlik göstəricisi oldu. Azərbaycan Respublikasının tarixində qızıl hərflərlə yazılan bu şanlı 44 günün hər biri bizim üçün ayrı bir tarix, ayrı bir qürur və özündə müəyyən qədər yaddaş daşıyır.

Altı il əvvəl həmin günləri yaşayan bir gənc olaraq bilirdik ki, nəinki bu gün, hətta ömrümüzün sonuna qədər həmin tarixləri böyük qürurla xatırlayacağıq. Həmin vaxt hər birimiz – kiçikdən böyüyə, gənclərdən yaşlılara qədər – ordumuzdan, cənab Prezidentimizdən gələcək xoş xəbərləri gözləyirdik. Və məhz altı il əvvəl bu gün o xoş xəbər gəldi: Zəngilan rayonunun 14 kəndi və Ağbənd qəsəbəsi işğaldan azad olundu.

Həmin xəbərləri eşidəndə keçirdiyimiz hisslər, yəqin ki, heç vaxt heç birimizin yaddaşından silinməyəcək. Lakin həmin günü xatırlayanda mən daha bir hadisəni yada salıram. 22 illik ömrünə 22 oktyabrda Ağbənd qəsəbəsinin azad olunması günü şəhidlik zirvəsinə ucalaraq adını tarixə yazdıran Xudayar Yusifzadəni də heç vaxt unutmaq olmaz.

Əslində, onun şəhid olması göstərdi ki, bütün Azərbaycan gəncliyi hər an Vətən uğrunda canından keçməyə necə hazır idisə, bu gün də hazırdır və hər zaman hazır olacaq.

Bir Azərbaycan gənci olaraq, 44 günlük Vətən müharibəsindən danışmaq, həmin anları yenidən xatırlamaq və gələcək nəsillər üçün yaddaşımızda olanları qoruyub saxlamaq mənim üçün böyük şans və böyük qürurdur. Mən də bütün qəlbimdə həmin günləri daima yaşadacaq və onların unudulmasına imkan verməyəcəyəm”.