Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Şağan Mədəniyyət Mərkəzində “Himayədar ailə” qayğı modeli barədə məlumatlılığın artırılması məqsədilə ictimai dinləmə təşkil edilib.
İctimai dinləmədə iştirak edən “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə himayədar ailə modelinin əhəmiyyətindən, bu sahədə həyata keçirilən dövlət siyasətindən və ictimai iştirakçılığın rolundan danışıb.
 
Cəsarət Hüseynzadə bildirib ki, himayədar ailə modeli dövlətin uşaqların müdafiəsinə yanaşmasında mühüm sosial dəyişikliklərdən biridir:
“Bu gün dövlət tərəfindən həyata keçirilən himayədar ailə modelinin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisə mühitində deyil, ailə qayğısı və sevgisi ilə əhatə olunaraq böyüməsini təmin etməkdir. Çünki heç bir müəssisə, nə qədər yüksək şəraitə malik olsa da, ailə mühitini, valideyn nəvazişini və doğmalıq hissini tam əvəz edə bilməz.
 
Çox sevindirici haldır ki, ötən dövr ərzində bu modelin geniş tətbiqi üçün həm hüquqi, həm də praktiki imkanlar əhəmiyyətli dərəcədə artırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud imkanlar səfərbər edilib, himayədar ailələr üçün sosial müdafiə və maddi təminat mexanizmləri gücləndirilib.
 
Burada diqqət çəkən mühüm məqamlardan biri də dövlətin məsələyə yanaşmasıdır. Dövlət uşaqların ailə mühitində böyüməsini təmin etmək üçün daha böyük maliyyə öhdəlikləri götürməyə hazır olduğunu nümayiş etdirir. Yəni əsas məqsəd sadəcə sosial xidmətin təşkili və ya vəsaitə qənaət edilməsi deyil, uşağın mənafeyinin, onun mənəvi və psixoloji inkişafının üstün tutulmasıdır.
Dövlət maddi təminat və sosial dəstək mexanizmlərini üzərinə götürür, himayədar ailələrin üzərinə düşən ən mühüm missiya isə uşağa sevgi, qayğı və sağlam ailə mühiti bəxş etməkdir. Əslində, bu, dövlətlə cəmiyyətin uşaqların gələcəyi naminə birgə məsuliyyət daşımasının çox gözəl nümunəsidir”.
 
QHT sədri ictimai dinləmələrin təşkilini də müsbət qiymətləndirərək bildirib ki, belə görüşlər dövlət qurumları ilə vətəndaşlar arasında birbaşa dialoqun qurulması baxımından mühüm əhəmiyyət daşıyır:
“Bugünkü tədbirin ən müsbət tərəflərindən biri himayədar ailələrin özlərinin müzakirələrdə iştirak etməsi, qarşılaşdıqları məsələləri və təkliflərini birbaşa aidiyyəti qurumun nümayəndələrinə çatdırmasıdır.
 
Bu, ictimai iştirakçılığın praktik nümunəsidir. Çünki sosial siyasətin səmərəliliyi yalnız qəbul edilən qərarlarla deyil, həmin qərarların insanların gündəlik həyatında necə işləməsi ilə ölçülməlidir.
Himayədar ailələrin təcrübələrinin dinlənilməsi, təkliflərinin qeydə alınması və müvafiq mexanizmlərin təkmilləşdirilməsində nəzərə alınması olduqca vacibdir. Məhz bu cür müzakirələr sayəsində qanunvericiliyin və icra mexanizmlərinin daha da təkmilləşdirilməsi üçün real imkanlar yaranır.”.
 
Cəsarət Hüseynzadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimai iştirakçılığın inkişafına verdiyi töhfəni də xüsusi vurğulayıb:
“Xüsusi qeyd etmək istəyirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ictimai iştirakçılığın təşviqi və dövlət-vətəndaş dialoqunun genişləndirilməsi baxımından ən fəal mərkəzi icra hakimiyyəti orqanlarından biridir.
Müşahidələrimiz göstərir ki, Nazirlik və onun tabeliyindəki qurumlar ictimai dinləmələrin təşkilinə xüsusi diqqət ayırırlar. Xüsusilə Sosial Xidmətlər Agentliyinin fəaliyyətində bunu aydın görmək mümkündür. Agentlik mütəmadi olaraq, demək olar ki, hər ay müxtəlif mövzularda ictimai dinləmələr keçirir. Bu tədbirlərin yalnız paytaxtda deyil, regionlarda da təşkili xüsusilə təqdirəlayiqdir.
Hesab edirəm ki, bu yanaşma digər dövlət qurumları üçün də müsbət nümunə ola bilər.
Bu proses dövlət idarəçiliyinin keyfiyyətini artıran, vətəndaşların ehtiyaclarını müəyyənləşdirən və qərarların qəbulunda ictimai rəyi nəzərə almağa imkan verən mühüm mexanizmdir.
İctimai dinləmənin əsas dəyəri insanların təkcə danışmaq imkanı əldə etməsində deyil, onların səsləndirdikləri fikirlərin qərarlara və real dəyişikliklərə təsir göstərməsindədir.
Bu baxımdan Sosial Xidmətlər Agentliyinin himayədar ailələrlə birbaşa dialoqa üstünlük verməsini, onların təkliflərini dinləməsini və praktiki təcrübələrini öyrənməsini müsbət qiymətləndirirəm.
Əminəm ki, bu cür açıq və davamlı dialoq həm himayədar ailə modelinin inkişafına, həm də dövlətin sosial siyasətinə ictimai etimadın daha da güclənməsinə xidmət edəcək”