“Məişət zorakılığı və erkən nikah probleminin aradan qaldırılması üçün maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihə çərçivəsində “Məişət zorakılığı haqqında” Qanunun təbliği və erkən nikah probleminin ictimailəşdirilməsi məqsədilə üç ay ərzində yeddi tədbirin keçirilməsi nəzərdə tutulub.

24 oktyabr 2026-cı il tarixində layihənin dördüncü tədbiri Maştağa qəsəbəsi, Seyid İbad Ağa küçəsi 36 ünvanında yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin I korpusunda baş tutub. Tədbirdə Peşə Təhsil Mərkəzinin 22 tələbəsi iştirak edib.

Tədbirdə Maştağa və Zabrat korpuslarının direktoru Əlislam müəllim və psixoloq Nigar Zöhrabova da iştirak ediblər. Tədbiri açan Əlislam müəllim layihənin aktuallığından danışaraq donor təşkilata və layihəni həyata keçirən QHT-yə təşəkkürünü bildirib. Daha sonra sözü təlimçilərə verib.

Layihənin təlimçisi Əntiqə Qurbanova erkən nikah problemi, onun mənfi nəticələri, fiziki və mənəvi zərərləri, eləcə də bu halların qarşısının alınması üçün qəbul edilmiş sənədlərdə nəzərdə tutulan cəza tədbirləri barədə məlumat verib. Erkən nikah probleminə səbəb olan amillər müzakirə olunub, problemin həlli ilə bağlı müxtəlif təkliflər səsləndirilib.

Erkən nikaha məcburetmə və erkən nikah prosesində iştirakla bağlı qanunvericilikdə müəyyən edilmiş cəzalar diqqətə çatdırılıb. Həmçinin problemin mövcudluğuna və aradan qaldırılmasına görə məsuliyyət daşıyan qurumlar barədə məlumat verilib, onların problemin həlli istiqamətində birgə fəaliyyəti müzakirə olunub. İştirakçıların rəy və təklifləri dinlənilib. Müzakirələr zamanı psixoloq Nigar Zöhrabova da fəal iştirak edərək öz fikirlərini bölüşüb.

Təlimçinin erkən nikah mövzusunda hazırladığı slayd təqdimatı təlimin daha maraqlı və interaktiv keçməsinə şərait yaradıb.

Layihənin digər təlimçisi Nabat Qəniyeva isə iştirakçılara “Məişət zorakılığı haqqında” Qanun barədə ümumi məlumat verib. Slayd təqdimatı vasitəsilə Azərbaycanda məişət zorakılığı problemi, onun fəsadları, problemin həlli üçün qanunvericilikdə nəzərdə tutulan müddəalar, zorakılığa məruz qalmış şəxslərin hara və necə müraciət etməli olduqları, eləcə də müxtəlif qurum və strukturların problemin həlli istiqamətində vəzifə və məsuliyyətləri barədə ətraflı məlumat təqdim olunub.

Eyni zamanda, iştirakçılar Qanunun daha səmərəli tətbiqi üçün zəruri mexanizmlərlə bağlı təkliflərini səsləndiriblər. Müxtəlif qurumların Qanunun icrası istiqamətində birgə fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir maarifləndirici təqdimatlar, müzakirələr və kiçik qruplarla iş formatında təşkil olunub. İştirakçılar dörd qrupa bölünüb və hər qrupa üç sual təqdim edilib. Qrupdaxili müzakirələrdən sonra hər qrupun bir nümayəndəsi nəticələri təqdim edib.

Qrup işi zamanı iştirakçılar üçün çay və şirniyyat süfrəsi də təşkil olunub.

Tədbir foto və video çəkilişləri ilə müşayiət olunub.