“Azərbaycanda, Qazaxıstanda, Rusiyada və ümumilikdə dünyada Xəzər dənizi ilə bağlı aparılan elmi tədqiqatlar göstərir ki, Xəzərin səviyyəsinin aşağı düşməsi davam edəcək”.

Bu fikirləri ekoloq Sadiq Həsənov QHT.az-a açıqlamasında bildirib.

S.Həsənovun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin əsas səbəbi çaylardan daxil olan su ehtiyatlarının azalmasıdır: Bunun bir neçə səbəbi var. İqlim dəyişmələrinin də müəyyən təsiri olsa da, bu təsirin payı təxminən 5 faizdir. Əsas səbəb Xəzərə axan çayların su ehtiyatlarının azalmasıdır. Volqa, Ural, Terek və Kür çaylarında suyun səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Bu da Xəzərin su səviyyəsinə birbaşa təsir edir və prosesin davam edəcəyi gözlənilir.

Sadiq Həsənov bildirib ki, iqlim dəyişmələri Volqa çayında da suyun azalmasına təsir göstərir: Bəzi araşdırmalar göstərir ki, Volqa çayında da iqlim dəyişmələri nəticəsində azalma baş verib. Atlantik okeanından daxil olan rütubətli hava kütlələrinin regiona əvvəlki səviyyədə daxil ola bilməməsi də buna təsir edən amillərdəndir. Bundan başqa, suyun insanların istifadəsinə, su anbarlarına və təsərrüfat sahələrinə yönəldilməsi də Xəzərə daxil olan suyun azalmasına səbəb olur.

Müsahibimiz vurğulayıb ki, Xəzərin səviyyəsinin aşağı düşməsi fonunda ekoloji tədbirlərin görülməsi vacibdir: Bəs bu vəziyyətdə nə etmək olar?

S.Həsənov qeyd edib ki, suyun səviyyəsinin aşağı düşməsi sahil ərazilərində əvvəllər su altında qalan çirklənmiş sahələri üzə çıxarır: Xəzərin sahil zonasında uzun illər ərzində müəyyən çirkab sularının axıdılması halları baş verib. İndi suyun səviyyəsinin aşağı düşməsi nəticəsində həmin çirklənmiş ərazilər üzə çıxır. Bu ərazilərin təmizlənməsi vacibdir və kifayət qədər çətin prosesdir.

Sadiq Həsənovun sözlərinə görə, Xəzərdə su səviyyəsinin azalması ekosistemlərə də ciddi təsir göstərir: Eyni zamanda, su səviyyəsinin aşağı düşməsi nəticəsində quru sahələr genişlənir. Bu ərazilər uzun illər ərzində su canlılarının və quşların məskəni olub. Hazırda həmin ekosistemlər ciddi zərər görüb və onların bərpası istiqamətində tədbirlər görülməlidir. Sahil zonasında müəyyən təmizləmə işlərinin aparılması və ekoloji tədbirlərin həyata keçirilməsi vacibdir.

Müsahibimiz bildirib ki, Xəzərin səviyyəsinin aşağı düşməsi Azərbaycanın iqtisadi və gəmiçilik infrastrukturu üçün də müəyyən çətinliklər yarada bilər: Məsələnin iqtisadi tərəfi də var. Azərbaycan neft sənayesi ilə yanaşı, Xəzər dənizində geniş gəmiçilik fəaliyyətinə malikdir. Dənizin ortasında Neft Daşları, Çilov adası və müxtəlif limanlar yerləşir. Yeni tikilən Ələt limanı da daxil olmaqla, bu ərazilərdə gəmiçilik üçün nəzərdə tutulan kanalların və akvatoriyaların daha dərin olması lazım gələcək. Bunun üçün əlavə maliyyə və yeni layihələr tələb olunacaq.

S.Həsənov qeyd edib ki, Xəzərin səviyyəsinin azalması ilə bağlı dövlət qurumları tərəfindən tədbirlər görülməsi gözlənilir: Düşünürəm ki, hökumət də bu istiqamətdə müəyyən tədbirlər planlaşdırır və onların həyata keçirilməsi gözlənilir. Eyni zamanda, SOCAR və digər aidiyyəti qurumlar, o cümlədən dəniz limanlarının idarə olunmasına cavabdeh strukturlar tərəfindən də müəyyən tədbirlər görülməlidir.

Sadiq Həsənov vurğulayıb ki, Xəzərdə gəmiçilik infrastrukturunun qorunması üçün iqtisadi dəstəyə ehtiyac var: Burada iqtisadi dəstəyə ehtiyac var. Çünki Azərbaycan uzun müddətdir Xəzər dənizindən gəmiçilik məqsədilə istifadə edir. Limanlar həm yük, həm də sərnişin daşımalarında mühüm rol oynayır və ölkə üçün böyük iqtisadi əhəmiyyət daşıyır.

Müsahibimizin sözlərinə görə, liman və gəmiçilik infrastrukturunun uyğunlaşdırılması əlavə maliyyə tələb edəcək: Limanların və gəmiçilik üçün nəzərdə tutulan akvatoriyaların daha da dərinləşdirilməsi, mövcud infrastrukturların yenidən qurulması əlavə vəsait tələb edəcək. Düşünürəm ki, SOCAR da bu istiqamətdə müəyyən layihələr həyata keçirəcək.

S.Həsənov bildirib ki, kompleks tədbirlərin həyata keçirilməsi Xəzərin səviyyəsinin aşağı düşməsi ilə bağlı riskləri azaltmağa imkan verə bilər: Bütün bu tədbirlər həyata keçirilərsə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ilə bağlı yaranan riskləri müəyyən qədər azaltmaq mümkün olacaq.

Zəhra Mansırova