İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli evlilikdə həyat yoldaşı seçimi və qadınların potensial həyat yoldaşına qoyduğu maddi tələblərin iqtisadi baxımdan qiymətləndirilməsi haqda fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
"Əziz xanımlar, həyat yoldaşı seçərkən tələblər siyahısını uzatmazdan əvvəl gəlin məsələyə bir az da iqtisadiyyatın tələb və təklif qanunu ilə baxaq.
Azərbaycanda 20–30 yaş arasında təxminən 700 min kişi var. Təxmini hesablamalara görə, onların təxminən 500 mini iqtisadi fəaliyyətlə məşğuldur.
İndi gələk məşhur tələblərə:
“Yaxşı işi olsun, maaşı yüksək olsun, evi olsun, maşını olsun...”
Elə burada riyaziyyat vəziyyəti bir qədər dəyişir.
Təxmini hesablamamıza görə, həmin 500 min işləyən gənc kişinin cəmi 50–70 mininin aylıq gəliri 2 000 manatdan yüksəkdir. Üstünə “öz evi və avtomobili də olsun” şərtini əlavə etsək, seçim dairəsi təbii ki, daha da daralacaq.
Başqa sözlə, təkcə yüksək gəlir meyarını götürsək belə, təxminən hər 7 işləyən gənc kişidən yalnız 1-i bu tələbə cavab verir. Bu da avtomatik olaraq hər 7 xanımnan birinin ailə səadətinə çatmaq imkanı verir.Çox ciddi və amansız rəqabət mühitidir.
İqtisadiyyatda isə sadə bir qayda var: təklif məhdud, tələb yüksəkdirsə — rəqabət artır.
Ona görə “ev + maşın + yüksək maaş + bütün digər üstünlüklər” paketini tələb edərkən bir detalı unutmayaq: həmin “paket” kütləvi məhsul deyil. Üstəlik, o 70 min bəyin də öz seçimləri və tələbləri var.
Deməli, məsələ yalnız “mən kimi istəyirəm?” sualı deyil. Bir də “mənim istədiyim insan məni seçəcəkmi?” sualı var.
Bəlkə də ailə qurarkən hazır evə, hazır maşına və hazır yüksək maaşa deyil, insanın xarakterinə, məsuliyyətinə, zəhmətkeşliyinə və birlikdə bunları yaratmaq potensialına daha çox baxmaq lazımdır.
Çünki iqtisadiyyatda olduğu kimi, münasibətlərdə də arzular sonsuz, resurslar isə məhduddur.












