Xəbərlər 14.03.2023 23:59 1943

Layihə çərçivəsində müharibə iştirakçılarının maarifləndirməsi işi aparıldı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə   həyata keçirilən “Müharibə iştirakçılarının dövlətin sosial siyasət sahəsindəki   qanunvericiliklə bağlı  maarifləndirmə təşəbbüsləri” layihəsinin ikinci tədbiri Balakən rayonunun Katex kəndində oldu. Tədbirdə 20-dən yuxarı veteran iştirak edirdi.
 

Tədbir Qarabağda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Tədbiri giriş sözü ilə layihə rəhbəri və eyni zamanda təşkilatın sədri Elmira Mehdiyeva açaraq bildirir ki, Balakən rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Mehman Papaxov və Vətən müharibəsi və şəhid ailələri ilə iş şöbəsinin böyük məsləhətçisi Şamil Nuriyev də tədbirdə iştirak edir. Hər iki nümayəndə iştirakçıları salamlayır və tədbirin işinə uğurlar arzulayırlar.

 

Layihə rəhbəri  iştirakçıları layihənin məqsəd və məramı  ilə tanış edir. Qeyd edir ki, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələrinin, müharibə əlillərinin və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlər təqdirəlayiqdir. Həyata keçirilən fəaliyyətlərə baxmayaraq hələ də şəhid ailələri və qazilərin üzləşdiyi problemlərlə əlaqədar məlumatlara rast gəlinir. Aparılan araşdırmalar zamanı məlum olur ki, bu sahədə mövcud problemlərin həlli üçün şəhid ailələri və qazilər üçün hüququ maarifləndirmə tədbirlərinin həyata keçirilməsi zərurətə çevrilib. Həyata keçirilən layihənin məqsədi Qax, Zaqatala və Balakən rayonlarında şəhid ailələri, veteranlar və qazilər üçün maarifləndirmə işinin     aparılmasıdır.
 

44 günlük Vətən müharibəsində Katex kəndindən 90-dan çox gənc ön cəbhədə vuruşmuş, müxtəlif orden və medallarla təltif olunmuşlar. Kəndin ümumilikdə 13 nəfər Qarabağ şəhidi vardır, bir nəfər də 44 günlük müharibədə şəhid olmuşdu. Ən qürurverici hal o idi ki, Balakən rayonundan 5 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşlər.


Təlimçi İbrahim İbrahimov çıxış edərək demişdir:-dövlət başçımız yerli televiziya kanallarına müsahibəsində bu kateqoriyadan olanlara sosial dəstəkdən danışarkən bildirdi ki, şəhid ailələri, müharibə əlillərinə dövlətin qayğı və diqqəti və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərlə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyub. Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. 1990-cı il 20 yanvar hadisələrində, I Qarabağ müharibəsində və Vətən Müharibəsində olan şəhid ailələrinə və veteranlarına  dövlətimiz tərəfindən heç bir fərq qoyulmur. Bunların hamısı vətənə xidmətdir və dövlətimiz qanunla hamıya eyni müavinət verir, eyni status verilir.
İştirakçıların müzakirələrə qoşulması imkan verir ki, onların rastlaşdıqları problemlərlə biz də tanış olaq.
Veteran İlham Ağayev Suqovuşanda, Murovda, Ağdərədə iştirak etdiyi döyüşlərdn danışır. O deyir:”çiynimdə daşıdığım qrantamyotun ağırlığı 90 kiloqram idi, bizə verilən təqaüd isə 80 manatdır.” O təqaüdlərin artırılmasını və veteranların işlə təminatının yaxşılaşdırılmasını istəyir. “Kəndimizdən olan Vətən müharibəsi veteranlarının çoxu iş dalınca Rusiyaya, Qazaxıstana gedib. Mən istərdim ki, onlar vətəni tərk etməsinlər, burda işlə təmin olunsunlar.”
Fikrət İsayev isə deyir:”İki ildir DSMF-nin rayon şöbəsində özünəməşğulluq proqramına qoşulmaq üçün bütün sənədlərimi verərəq qeydiyyatdan keçmişəm. Lakin bu günə qədər onlar mənə bir cavab vermirlər. Həmin strukturda olan lənglik bizi narahat edir.  Fikrət İsayevin rastlaşdığı problemi İcra Hakimiyyətinin nümayəndəsi qeyd edir və bununla məşğul olacağına söz verir. 


Azər Təmirov dövlətin veteranlara göstərdiyi qayğıdan razılıq edir. 
Təranə Bayramova veteran anasıdır. O qeyd edir ki, veteranlar bunu deməsələr də mən oğlumun yaşadıqlarından bilirəm ki, onların həqiqətən qayğıya ehtiyacı var. Hər bir veteran psixoloji dəstək almalıdır. Onların hamısı bu dəstəyə cəlb olunmalıdırlar. Bəzən rastlaşdıqları laqeydliklər onları pis vəziyyətə salır. Belə laqeydliklər ən çox tibb müəssisələrində olur. Mən heç kəsin adını çəkmək istəmirəm, oğlumun səhhəti ilə bağlı müraciətlərimiz zamanı gördüklərimi deyirəm. Tibb müəssisələrində istər həkimlərə, istərsə də digər işçilərə tez-tez xatırlatmaq lazımdır ki, veteranlarla, qazilərlə davranışlarına diqqət etsinlər, onların qəlbinə toxunmasınlar.
Təranə Bayramova təklif edir ki, hər bir müharibə iştirakçısı yad edilməli, cəmiyyət onlarla ünsiyyəti kəsməməlidir.
Cərullah Kərimov qazilərimizin şəkillərinin müxtəlif yerlərə vurularaq onlar üçün yardım istənilməsinin çox alçaldıcı bir hərəkət olduğunu bildirir. O qeyd edir ki, belə halların baş verməsinə cəmiyyət özü yol verməməlidir. Belə hallar qazilərimizə göstərilən qayğıya kölgə salmaqla yanaşı onların cəbhədə göstərdikləri qəhrəmanlıqlara da bir xəyanətdir.
Xutrayev Eşqin məktəbdə hərbi hazırlıq müəllimi işlədiyini bildirir. O qeyd edir ki, bütün gücümlə 44 günlük müharibədə ordumuzun göstərdiyi qəhrəmanlıqları böyüyən nəslə təlqin etməyə çalışıram.
Şəhid atası Azər Təmirov üçün danışmaq çox çətin idi. Döyüşdə bir oğul itirən şəhid atası kimi biz onu başa düşürdük. Başa düşdüyümüz üçün də ona sözümüz belə oldu: oğlunun ruhu qarşısında baş əyirik.


    Çay süfrəsi arxasında davam edən tədbir iştirakçıları razı salır və onlar belə layihələrə daha geniş yer verilməsini məqsədəuyğun bilirlər.
 

 
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı