Xəbərlər 23.05.2023 21:10 1767

Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumu iqtisadi əlaqələr üçün yeni üfüqlər açır

Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində faydalı əməkdaşlıq və uğurlu tərəfdaşlıq siyasəti yürüdən fəal dövlətlər sırasındadır. Xüsusən, postpandemiya dövründə Prezident İlham Əliyevin fəallığı və irəli sürdüyü regional layihələrlə bağlı təşəbbüsləri nəticəsində Azərbaycan Respublikasının müxtəlif dövlətlərlə ikitərəfli əməkdaşlığı yeni mərhələyə qədəm qoyub. Bu baxımdan hesab edirəm ki, Prezident İlham Əliyevin Litvaya səfəri dövlətlərarası tərəfdaşlıq əlaqələrinin yeni mərhələyə daxil olması baxımdan mühüm rol oynayır. Son iki ildə prezidentlərin 3 dəfə görüşünün baş tutması təmasların hansı səviyyədə olmasından xəbər verir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O qeyd edib ki, bu görüşlərin ikisi qarşılıqlı səfərlər çərçivəsində baş tutub. Keçən il Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfər edib. Bu il isə Prezident İlham Əliyev Litvada rəsmi səfərdə oldu. Qarşılıqlı səfərlər isə əməkdaşlıq baxımından uzunmüddətli və strateji hədəfləri özündə ehtiva edir. Bu ilin əvvəlində Davosdakı görüş də, eyni zamanda, ona işarədir ki, hər iki ölkənin prezidentləri beynəlxalq platformalarda da bir–birilərini dəstəklədiklərini nümayiş etdirirlər. Litva ilə əlaqələri, eyni zamanda, bu ölkəni Avropa İttifaqının və NATO-nun üzvü olması kontekstindən də nəzərə almaq vacibdir.

“Sözsüz ki, siyasi əlaqələrin və beynəlxalq arenada tərəfdaşlığın uzunmüddətli olması üçün dövlətlərin bir–biri ilə müxtəlif sahədə əməkdaşlığı əsas amildir. Buna görə Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumunu iqtisadi əlaqələr üçün yeni üfüq də adlandıra bilərik. Biznes forumda hər iki prezidentin iştirakı iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün maraqları açıq-aydın ifadə edir. Xüsusən Azərbaycanın valyutasının sabitliyi, xarici borcumuzun aşağı səviyyədə olması litvalı biznes dairələri üçün cəlbedici olacaqdır. Eyni zamanda, Azərbaycanda olan sabitlik, çox dinamik yerli bazarın və qonşu bazarlara çıxışın olması da özəl sektor üçün əlavə stimuldur.

Hər iki ölkənin yaşıl enerji siyasəti birgə əməkdaşlıq və mübadilə üçün də imkan yaradır”, - deyə C.Hüseynzadə əlavə edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı