Xəbərlər 18.09.2023 17:14 1589

QHT sədri: "Koxlear implant üçün reabilitasiyaların müddətli yox, mütəmadi keçirilməsinin tərəfdarıyıq"

Dünyada  eşitmə qüsurları çox aktual bir məsələyə çevrilib. Mütəxəssislər anadangəlmə eşitmə qüsurlu şəxslərdə əməliyyatın erkən yaşlarda aparılmasını daha səmərəli olduğunu qeyd edirlər.

QHT.az xəbər verir ki, koxlear implant mürəkkəb tibbi elektron qurğudur, anadangəlmə və qazanılmış eşitmə qüsuru olan şəxslərə tətbiq edilir. İlkin olaraq eşitmə qüsurlu şəxslər müayinədən keçirilir və onların koxlear implantasiya əməliyyatına uyğunluğu müəyyən edilir, bundan sonrakı mərhələdə isə cərrahi əməliyyat və reabilitasiya dövrü başlayır.

"Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi sədri Cəmilə Çingizqızı sevindirici bir xəbər verib: “Koxlear implantasiya əməliyyatı üçün tətbiq olunan illik 300 əməliyyat limiti ləğv edilib. Artıq ixtisaslı həkim tərəfindən koxlear implantların yerləşdirilməsinə göstəriş verilən vətəndaşlarımız daha qısa müddətdə sağlacaqlar. Qeyd edim ki, uşaq nə qədər gec implantasiya olunsa, nə qədər gec cihaz taxsa o qədər gec qavramağa başlayır. Nə qədər tez reabilitasiyaya yönəlsə, o qədər tez inkişafında irəliləyiş olacaq. Bu qaydanın tətbiq olunması sevindiricidir. Yeni qaydanın tətbiq olunması həkim göstərişi olan kimi eşitmə məhdudiyyətli diaqnozu qoyulan kimi heç bir növbə gözləmədən həkim göstərişi ilə Koxlear implantasiya əməliyyatı tətbiq olunacaq. Koxlear implant olunan uşaqların cihazların hissələrinin alınması problemimiz qalıb. Biz hər zaman bu problemi, bu məsələni çox ciddi şəkildə qabardırıq. Çünki belə uşaqların sayı getdikcə artır. Ölkədə ilk dəfə 2015-ci ildən Heydər Əliyev Fondu tərəfindən Koxlear implan əməliyyatı başlayıb. Sonra dövlət bunu icbari sığorta tərəfindən icra edir. Biz QHT olaraq çox istərdik ki, uşaqların cihazlarının hissələri dövlət tərəfindən verilsin, uşaqlar bundan əziyyət çəkməsinlər. Koxlear implant və hissələri çox bahalıdır. Buna görə valideyinlər çox əziyyət çəkirlər, gücləri çatmır. Koxlear implant əməliyyatından sonra dövlət 3 ay pulsuz reabilitasiya keçirlər. Bu az müddətdir. Bakıda və regionlarda bu vəziyyət çox ağırdır. Belə reabilitasiyalara bir mərkəzdə keçirildiyi üçün hər kəsə əlçatan deyil. Çox yaxşı olardı ki, regionlarda da belə uşaqlar reabilitasiya mərkəzlərindən yararlana bilsinlər. Çünki bu bahalı əməliyyat olsa da uşaqlar reabilitasiya keçməsələr qavrama olmayacaq, Koxlear implant olunmağın mənası qalmayacaq. Reabilitasiyaların müddətli yox, mütəmadi keçirilməsinin tərəfdarıyıq”.

Qeyd edək ki, əməliyyatdan sonra pasiyentlərdə eşitmə qabiliyyəti yaranır, tam eşitmə və danışma qüsurlu şəxslər normal həyat tərzinə qayıda bilirlər. Əməliyyat zamanı daxili qulağa xüsusi elektrodları olan tibbi cihaz – koxlear implant yerləşdirilir. Qulağın xarici hissəsinə isə səslərin elektrik impulslara çevrilməsini təmin edən mikroprosessor və ötürücü qoşulur. Daxili qulağın ilbizindəki eşitmə sinirinin liflərinin elektrik impulslarla stimullaşdırılması baş beyin strukturlarına səsləri tanımağa imkan verir. Bu günədək ölkə üzrə 200-dən çox şəxs koxlear implantasiya əməliyyatına cəlb olunub.

 

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı