QHT “Xarici müdaxilələr və hibrid təhdidlər” mövzusunda “Dəyirmi masa” keçirib - FOTOLAR
İctimai Birlik gənclərin hibrid təhdidlərin bütövlükdə dünya üçün təhlükə olması istiqamətində maarifləndirilməsi işini davam etdirir.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yeni Fikir” JHİB tərəfindən həyata keçirilən “Hibrid təhdidlərə qarşı yerli mediada iş” layihəsi çərçivəsində Zaqatala rayonu, Mamrux kəndində “Xarici müdaxilələr və hibrid təhdidlər” mövzusunda “Dəyirmi masa” keçirildi.
İştirakçılar Qarabağ uğrunda həyatını qurban verən şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdi.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Elmira Mehdiyeva iştirakçıları layihənin məqsəd və məramı ilə tanış etmişdir. Qeyd etmişdir ki, Azərbaycan Respublikası davamlı inkişaf yolunda tarixi nailiyyətlər əldə edərək dünya birliyində böyük nüfuz qazanıb. Təəssüf ki, bunları həzm edə bilməyən, erməni lobbisinin təsiri altında olmaqla ikili standartlar mövqeyi tutan bəzi Qərb dairələri xarici müdaxilələr və hibrid təhdidlər vasitəsilə Azərbaycana qarşı təzyiq göstərməyə çalışırlar. Layihənin məqsədi hakimiyyətin əldə etdiyi uğurlara kölgə salmaq istəyənlərin çirkin məqsədlərini iştirakçılara çatdırmaqdır.
Təlimçi İbrahim İbrahimov çıxış edərək demişdir: bu gün bütün dünyada informasiya müharibəsi gedir. İnformasiya müharibəsində əsas diqqət bilavasitə insanların fikir və davranışlarına təsir etməyə yönləndirilir. Bu məqsədlə mediadan, sosial şəbəkələrdən fəal şəkildə istifadə edilir. Yayılan xəbərlər dezinformasiya olur. Məqsəd isə dezinformasiyalar vasitəsi ilə qarşı tərəfi çaşdırıb onun real vəziyyəti obyektiv qiymətləndirməsinə çətinlik yaratmaqdan ibarətdir. Hibrid təhdidlərdə də məhz, dezinformasiyaya əhali arasında narazılıq və çaxnaşma yaratmağın vasitələrindən biri kimi baxılır. Milli kimliklə, adət-ənənələrlə uzlaşmayan yad dəyərlərin yayılmasına çalışılır. Hibrid təhdidlər həm də bütövlükdə dünya ictimaiyyəti üçün təhlükə kimi qiymətləndirilir.
“Dəyirmi masa” iştirakçılarından Vəsilə Hacıyeva, Cəlal Davudoy, Ayan Əhmədova, Güldənə Həsənova və başqaları öz çıxışlarında bildirmişlər ki, internet, sosial şəbəkələr həqiqətən, insanların həyatına bir çox mənfi təsirlər göstərir. Ona görə də, ölkənin informasiya təhlükəsizliyi gücləndirilməlidir, kibermüdafiə sistemləri gücləndirilməlidir, əhalinin şüur səviyyəsinin yüksəldilməsi və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə ideoloji təbliğat təşkil edilməlidir. QHT-lərin belə layihələri həyata keçirməsi çox təqdirəlayiqdir.
Müzakirələrdə fəal iştirak edən iştirakçıların sualları ətraflı cavablandırılmışdır.