QHT- lər “Gənclər Günü” münasibətilə Rəsm və əl işləri sərgisi keçirib - FOTOLAR
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “Sağlamlığın Qorunması” İctimai Birliyi, və “Sara Xatun” Mədəni Maarifçilik İctimai Birliyinin təşkilatçılığı ilə 4 fevral tarixində Xətai sənət mərkəzində “Gənclər Günü” münasibətilə Rəsm və əl işləri sərgisi keçirilib.
QHT.az xəbər verir ki, sərginin keçirilməsində əsas məqsəd gənclərin sənətkarlığa marağının artırılması, onların istedad və bacarıqlarının üzə çıxarılması, tədbirlərdə və layihələrdə iştirakını dəstəkləmək, habelə cəmiyyətdəki fəallığını təmin etməkdir.
Sərgini giriş sözü ilə “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva açıq elan edərək, sərginin keçirilmə məqsədindən, QHT tərəfindən həyata keçirilən bu tədbirlərin mütəmadi xarakter daşımasından bəhs edib. O, ölkəmizdə yaradıcı gənclərə göstərilən dövlət qayğısından söhbət açaraq belə sərgilərin gənclərimizin istedadının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb: ““Sağlamlığın qorunması” İctimai Birliyi “sağlam nəsil, sağlam gələcək” devizi altında bir çox layihələrə imza atıb. Üçüncü dəfə həyata keçirilən bu sərgi də onlardan biridir.
Tədbirdə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Zəfər təşkilatı və qəhrəman həyat yoldaşı olaraq bu günü paylaşmaqdan qürur hissi keçirdiyini bildirib: “Acılar paylaşdıqca azalır. Sizlərlə çalışdıqca, şəhid ailələrinə mənəvi dəstəyinizi, mənimlə bərabər onların qayğısına qaldığınızı gördükcə bu bizə güc verir. 5 Şəhid ailə üzvünün sərgisi də təşkil olunub. Burada Gəncə şəhərindən, bölgələrimizdən də iştirak edənlər var. Onlar öz əsərlərində acıları, yaşadıqları ailə faciəsi ilə yanaşı, eyni zamanda qəhrəmanlığı da əks etdiriblər. Bunu sizlər əsərlərdə hiss edəcəksiniz. Biz Azərbaycan naminə çox oğullarımızı qurban verdik. Azərbaycanın hər qarışı uğrunda igirlərimiz qanı, canı ilə mücadilə apardı və bizə Vətənimizi əmanət qoydular. Əmanətlərə sahib çıxmaq hər bir Azərbaycanlının mənəvi borcudur, mənəvi yüküdür. Əminəm ki, bu dəyərlərə sahib çıxacağıq, bununla da mənəvi birliyimizi, kimliyimizi ucalığa qaldıracağıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Uğur daima sizlərlə olsun. Qalib xalqın qalib nümayəndəsi olan bu seçkilərdə seçki hüququ daşıyan hər bir vətəndaşımız öz sözünü deyəcəkdir, fəxrlə seçkilərdə iştirak edəcəkdir. Gələcək Azərbaycan naminə səs verəcək. Azərbaycan daha qüdrətli, bütövləşmiş, dünya arenasında öz sözünü deyə biləcək ölkələr sırasında olacaqdır. Hər birimiz Azərbaycan naminə düşünək, Azərbaycanın gələcəyi üçün işlər görək”.
"Sara Xatun" Mədəni Maarifçilik İctimai Birliyinin sədri Pərvanə Mustafayeva, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Helmi Abbasbəyli, əməkdar artist Nuriyyə Hüseynova, şairə-həkim Rəfiqə Abbasova, şairə Aybəniz Qaragilə, şair Gəray Göyyurd, şəhid ailələri və s. qonaqlar gənclərin fəaliyyətini yüksək qiymətləndirib, onlara yaradıcılıq uğurları arzulayıblar.
Qeyd edək ki, sərgidə şəhid övladlarının əl işləri və rəsmləri, rəssam Lalə Hüseynzadə, Leyli Abbasova, Gülanə Qasımlı, Şəfa Əsgərova, Arzu Zeynalova, Aysu Əsgərli, Aydan Poladovanən rəsm əsərləri, Aytac Həsənova, Salatın Qasımova və Nuranə Hacıyevanın isə əl işləri sərgilənib. Eyni zamanda milli və müasir üslubda işlənmiş əsərlər, portretlər, dekorativ kompozisiyalardan ibarət rəsmlər, həmçinin əl işləri nümayiş olunub. Sonda rəssamlar və əl işləri nümayiş olunan gənclər “Gənclər gününə həsr olunmuş” Rəsm və əl işləri sərgisində fəal iştiraklarına görə təltif ediliblər.
Pərvanə Fərhadqızı